Qazax Gənclər evində Milli Qəhrəman Rafiq Alıcanovun (1965-1993) xatirəsinə həsr edilmiş “Oğuz elinin qəhrəmanı” sənədli filminin təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə bildirib ki, ekran işi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyası tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində ərsəyə gəlib. Filmdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, sinif və döyüş yoldaşları, eləcə də müəllimlərinin Rafiq Alıcanov haqqında xatirələri yer alıb.
Rejissor Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu silsilədən 100-dən çox filmin çəkildiyini diqqətə çatdırıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova çıxış edərək vətənpərvərlik mövzusunda filmlərin ərsəyə gəlməsində, xüsusilə Milli Qəhrəmanlarımızın, şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə görə K.Musazadəyə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.