Yanvarın 31-də Los-Ancelesdə keçirilməsi nəzərdə tutulan “Qremmi” mükafatlarının təqdimat mərasimi koronavirusun “omikron” ştammının sürətlə yayılmasına görə ertələnmişdi.
Tədbirin təşkilatçısı olan Amerika Səsyazma Şirkətləri Assosiasiyası “Qremmi” mükafatlarının təqdimatını bu il aprelin 3-də Las-Veqasda (Nevada ştatı) keçirəcək.
Məlumatda bildirilib ki, 64-cü “Qremmi” mərasimi Las-Veqasdakı “MGM Grand Garden”dən “CBS” telekanalı vasitəsilə tam formatda canlı yayımlanacaq. Mərasimin aparıcısı 2021-ci ildə olduğu kimi, komediya ustası, aktyor və teleaparıcı Trevor Noah olacaq. “MGM”in arenası 17 min nəfəri qəbul edə biləcək.
Ümumilikdə nominasiyalar üzrə 85 mükafat təqdim olunacaq, o cümlədən iki yeni mükafat əlavə edilib: etnik musiqi üzrə “Ən yaxşı musiqi ifası” və Latın Amerikası ifaçıları üçün “Ən yaxşı şəhər albomu”.
“Qremmi” musiqi dünyasının ən nüfuzlu müsabiqəsi sayılır. Mükafat 1958-ci ildə Amerika Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib.