Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

373 il əvvəl...

30 yanvar 1649-cu ildə İngiltərə Burjua inqilabı nəticəsində taxtdan salınan I Karl Stüart xüsusi olaraq təsis edilmiş Ali Məhkəmənin qərarı ilə edam olunub. İngiltərə respublika elan edilib, Lordlar Palatası qovulub. 1648-1649-cu illər İngiltərə inqilabı Avropanın siyasi tarixində mühüm mərhələ, kapitalizmə keçid oldu.

 

203 il əvvəl...

1 fevral 1819-cu ildə indiki Qırğızıstan ərazisi Rusiya imperiyasına birləşdirilib. 107 il sonra, 1926-cı ildə bu hadisənin ildönümü münasibətilə SSRİ rəhbərliyi Qazaxıstan SSR tərkibində Qırğızıstan Sovet Sosialist Muxtar Respublikasının yarandığını elan etdi. 1936-cı ildə Qırğızıstan SSR-ə çevrildi.

 

202 il əvvəl...

29 yanvar 1820-ci ildə Rusiyanın dəniz ekspedisiyası (Fridrix Bellinshauzen, Mixail Lazarev) Antarktidanı kəşf edib. Bu kəşf coğrafiya elmində mühüm yenilik oldu – dünyanın 5 deyil, 6 materikdən ibarət olduğu dəqiqləşdi. Yeni materik Rusiya imperiyasının nəzarətinə keçdi.

 

120 il əvvəl...

31 yanvar 1902-ci ildə Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat törədib. Şamaxıda və ətraf kəndlərdə 2 mindən çox sakin həlak olmuş,  20 min nəfərədək əhali evsiz qalmışdı. Azərbaycanın seysmik bölgələrindən olan Şamaxıda 1856, 1861 və 1872-ci illərdə də dağıdıcı zəlzələlər baş verib.

 

92 il əvvəl...

1 fevral 1930-cu ildə SSRİ Xalq Komissarları Soveti “Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında” qərar qəbul edib. Genişmiqyaslı repressiya maşını işə düşüb. Kolxoz quruculuğuna qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi.

 

89 il əvvəl...

30 yanvar 1933-cü ildə Almaniya parlamentində (Reyxstaq) sayca üçüncü fraksiyaya malik olan Nasional-Sosialist Partiyasının lideri Adolf Hitler Prezident Petr Qindenburq tərəfindən reyxskansler (Baş nazir) təyin olunub. Parlament çoxluğunun qurduğu koalisiya dağılandan sonra prezident bu addımı atmağa məcbur olmuşdu. Bu, Hitlerin hakimiyyətə gəlişi idi. Ölkədə real hakimiyyət kanslerə məxsus idi. Bir il sonra Qindenburq vəfat etdi və Hitler qanunla prezidentlik institutunu ləğv etdi. Almaniyada faşist diktaturası bərqərar olundu.

 

80 il əvvəl...

29 yanvar 1942-ci ildə SSRİ, Böyük Britaniya və İran arasında faşist Almaniyasına qarşı alyans barədə saziş imzalanıb. Sazişə əsasən, İran ərazisində – Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirildi və müharibənin sonunadək (1945) sovet qoşunları orada qaldı.

 

73 il əvvəl...

1 fevral 1949-cu ildə Türkiyənin paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyi təsis edilib. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan qurum dünyadakı azərbaycanlıların təşkilatlanması sahəsində ilk mühüm addım idi.

 

31 il əvvəl...

29 yanvar 1991-ci ildə Türkiyə ilə Azərbaycan arasında ilk hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb. Nəqliyyat sahəsində sazişə əsasən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Araz çayı üzərində (o vaxt Türkiyə-SSRİ sərhədi) körpü tikilməli idi. “Ümid körpüsü”nün təntənəli açılışı 1992-ci il mayın 28-də keçirildi.

 

30 il əvvəl...

30 yanvar 1992-ci ildə Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1994-cü ildən təşkilat statusu alıb və ATƏT adlanır) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. Toplantıda Azərbaycan və Ermənistan ATƏM üzvlüyünə qəbul olunub. Təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün regiona missiya göndərmək barədə qərar qəbul edib.

Hazırladı: V.Orxan