Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Ulu öndərin 1997-ci ildə imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilib. Hər il bu əlamətdar gün silsilə mədəniyyət və incəsənət layihələri ilə də qeyd olunur.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-4 fevral tarixində “Yeni gənclik” adlı konsertlər keçiriləcək.

Fevralın 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında isə gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti olacaq.

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçilər ansamblının konserti (ansamblın rəhbəri – Xalq artisti Zəhra Quliyeva), 4 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor – Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva) keçiriləcək.

***

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə fevralın 1-də Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək.

Layihənin məqsədi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılmasıdır. Sərginin ekspozisiyasında 40-a yaxın gənc rəssamın əsərləri yer alacaq.

Fevralın 2-də İstiqlal Muzeyində “Qələbə ruhlu Azərbaycan gəncliyi” adlı  tədbir təşkil olunacaq. Tədbirdə məruzələr dinləniləcək, musiqili proqram təqdim ediləcək.