Konfransda turizmin inkişafıyla bağlı təkliflər müzakirə olundu
   
   «Turizmə dəstək» Gənclər Koalisiyası daxili turizmin inkişaf etdirilməsi və bu sahədə olan problemlərin aradan qaldırılmasının həlli yollarını müəyyənləşdirmək məqsədilə layihələr həyata keçirir. Bu layihələr çərçivəsində iyunun 22-də “Avropa” otelində «Turizmin inkişafı: nailiyyətlər, problemlər və perspektivlər» adlı konfrans keçirildi.
   
   Konfransda turizm şirkətləri, turizm mütəxəssisləri, QHT-lərdən koalisiyaya daxil olan təkliflərin məzmunu haqqında danışılaraq, mövcud problemlərin həlli yolları müzakirə olundu. Qeyd edək ki, 32 bənddən ibarət olan təkliflər paketinə Azərbaycana gəlmək istəyən xarici turistlər üçün biletlərdə güzəştlərin edilməsi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq turist xəritələrinin hazırlanması, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən turizmin inkişafı üçün uzunmüddətli və güzəştli kreditlərin ayrılması və banklar tərəfindən turizm müəssisələrinə verilən kreditlərin faiz dərəcələrinin aşağı salınması məsələlərinə baxılması, turistlərin Bakıdan Nabran ərazisinə daşınması üçün yaxın illərdə Nabran qəsəbəsi yaxınlığında dəniz limanının tikilib istifadəyə verilməsinin təklif olunması və s. məsələlər daxildir.
   Tədbirdə ilk olaraq koalisiyanın rəhbəri Ramiz Alıyev çıxış edərək bildirdi ki, konfransı keçirməkdə məqsəd turizm sahəsində olan problemləri üzə çıxarıb, müzakirə etməkdir: «Ölkəmizdə xüsusilə son illər turizmin inkişafı göz önündədir. Amma bununla yanaşı problemlər də mövcuddur ki, hamılıqla bu problemlərin həllinə çalışmalıyıq».
   Azərbaycanda turizmin inkişafının ciddi mərhələyə qədəm qoyduğunu bildirən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov turizmin Azərbaycan iqtisadiyyatında da öz yerini tapacağını bildirdi: «2011-ci ilin “Turizm ili» elan olunması əlbəttə ki, təsadüfi deyil. Tezliklə bu sahənin Azərbaycan iqtisadiyyatında da öz yerini tapacağına inanırıq. Artıq yay turizm mövsümü açıldı. Qiymətlərlə xidmətin uyğunluğu və digər məsələlərin araşdırılması üçün Mədəniyyət və Turizm Nazirliyinin monitorinq komissiyası bölgələrə yollanır». V.Şıxəmmədov bildirdi ki, ilkin araşdırmalara görə, bölgələrdəki istirahət mərkəzlərində bu yay mövsümündə 10-15% ucuzlaşma müşahidə olunur. Tikilən mehmanxana və istirahət mərkəzləri sayəsində qiymətlərin daha da ucuzlaşacağı gözlənilir.
   Daha sonra çıxış edən “Avropa” otelinin baş meneceri Tolqa Akkaş isə Azərbaycanın gözəl təbiətindən danışaraq, ölkəmizin turizm sektorunun tezliklə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi. Əlavə etdi ki, dövlət turizmin inkişafına yardım etdiyindən, bu sahəyə ümidlər daha böyük olmalıdır.
   Konfransda turizm təhsili məsələsi də müzakirə olundu. Bakı Dövlət Universitetinin turizm kafedrasının müdiri Həbibə Soltanova çıxış edərək bildirdi ki, əsas həlli vacib məsələlərdən biri turizm mütəxəssislərinin az olmasıdır: «Bu problemin həllinə son zamanlar xüsusilə diqqət ayrılır. Azərbaycanın turizm potensialı nəzərə alınaraq Turizm İnstitutunun yaradılması bu işdə atılan ən önəmli addımlardandır. Ancaq onu da deyim ki, bu sahədəki kadr çatışmazlığını aradan qaldırmaq üçün kolleclər də olmalıdır. Yəni, təkcə ali təhsilli deyil, peşə ixtisaslı kadrlara da ehtiyac böyükdür». H.Soltanova, həmçinin təkcə Nabranda deyil, Azərbaycanın digər turizm bölgələri yaxınlığında dəniz limanının tikilib istifadəyə verilməsinə böyük ehtiyac olduğunu diqqətə çatdırdı.
   Millət vəkili Etibar Hüseynov da ölkədə turizm sektorunun inkişafının və bu sahədə xidmətin Avropa standartlarına çatdırılmasının vacibliyini bildirdi, Avropa standartlarının tətbiqi üçün yüksək keyfiyyətli kadrların olmasının mühüm şərt olduğunu dedi. Tədbir təkliflərin müzakirəsi ilə davam etdirildi.
   
   Gülər






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar