Milli mədəniyyətlərin festivalında azərbaycanlı diasporu da iştirak edib

 

On ildən artıqdır ki, “Dostluq bayramı” festivalı adlı mədəniyyətlər bayramı Rusiya Federasiyasının Murmansk vilayətində yaşayan müxtəlif millətlərin nümayəndələrini bir yerə toplayır. Bu müddətdə festival sülh, xeyirxahlıq və dostluq bayramına çevrilib. Bu tədbir hər il “Mədəniyyətdən birliyə” devizi altında təşkil olunub.

Vilayətdəki “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyi yerli bölməsinin mətbuat katibi, Rusiya Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov bildirib ki, builki bayram xüsusi əhəmiyyət kəsb edir – Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 2022-ci il “Rusiya Xalqlarının Mədəni İrs İli” elan edilib.

Tədbirdə çıxış edən Murmansk vilayətinin mədəniyyət naziri Olqa Obuxova bildirib ki, Zapolyarye diyarında tarixən müxtəlif xalqların nümayəndələri yanaşı yaşayıblar. Murmansk vilayətinin heyrətamiz mədəni müxtəlifliyini şimallıların gələcək nəsilləri üçün qoruyub saxlamaq məqsədilə “Dostluq bayramı” kimi xoş ənənəni davam etdirmək lazımdır.

“Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Afil Hüseynov çıxışında vurğulayıb ki, şimallılara xas olan qarşılıqlı hörmət və dostluq, mədəni müxtəliflik və mənəvi birlik Murmansk sakinlərinin qürur mənbəyi, onların ən böyük sərvətidir.

Festival çərçivəsində təşkil edilmiş sərgidə müxtəlif mədəniyyətlərə xas olan milli məişət əşyaları və dekorativ-tətbiqi yaradıcılıq məmulatları nümayiş etdirilib. Sonra konsert proqramı təqdim olunub. Proqrama müxtəlif xalqların mədəniyyətini əks etdirən rəqs, musiqi və ədəbiyyat nömrələri daxil edilib.