Xəbər verdiyimiz kimi, 26 yanvar – 7 fevral tarixində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən 53-cü Beynəlxalq Kitab Sərgisində ölkəmiz də təmsil olunur. Sərgiyə ümumilikdə 51 ölkə qatılıb.
53-cü Qahirə Beynəlxalq Kitab Sərgisindəki Azərbaycan stendində misirli tədqiqatçı Əhməd Tərabikin ölkəmizin 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Dəmir yumruq... 2020-ci ilin Qarabağ müharibəsi” və misirli ədəbiyyatşünas Əhməd Sami əl-Aydinin ərəb dilinə tərcümə etdiyi məşhur şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitablarının təqdimatı olub.
Tədbirdə Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Ramiz Vəliyev, səfirliyin əməkdaşları, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov, sərginin ziyarətçiləri, diaspor nümayəndələrimiz iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli təqdimatı açaraq qeyd edib ki, sərgidə ölkəmiz, tarix və mədəniyyətimiz, ədəbi irsimizlə bağlı kitablar, o cümlədən nazirliyin dəstəyi ilə işıq üzü görmüş nəşrlər nümayiş etdirilir.
Şöbə müdiri rusiyalı şərqşünas Yevgeni Bertelsin ötən əsrin 40-cı illərində nəşr olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının əhəmiyyətindən danışıb, bu dəyərli tədqiqat əsərinin Azərbaycan və ingilis dillərinə də tərcümə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, kitabın ərəb dilində də nəşr olunması dahi şair Nizami Gəncəvi irsinin ərəb ölkələrində daha dərindən tanıdılmasına mühüm töhfə olacaq.
“Dəmir yumruq... 2020-ci ilin Qarabağ müharibəsi” kitabı barədə də danışan şöbə müdiri 2020-ci ildə xalqımızın Vətən müharibəsində qazandığı Qələbədən, otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsindən söz açıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görmüş “Dəmir yumruq... 2020-ci ilin Qarabağ müharibəsi” kitabının müəllifi Əhməd Tərabik nəşr haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi bütün dünyada, o cümlədən ərəb ölkələrində mühüm bir hadisə kimi qiymətləndirilib. Kitabda müharibənin xronologiyası, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və beynəlxalq media orqanlarına müsahibələrindən əsas məqamlar yer alıb. Kitabda erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdiyi vandalizm əməllərindən də bəhs edilir.
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan dilində nəşr edilən “Böyük Azərbaycan şairi Nizami” kitabının ərəb dilinə tərcüməçisi, Misirin Ayn-Şəms Universitetinin professoru Əhməd Sami əl-Aydi dahi mütəfəkkirin həyatı və zəngin ədəbi irsi barədə danışıb. O, bu qiymətli əsərin ərəbdilli elm xadimləri və tələbələrə təqdim edilməsini mühüm hadisə adlandırıb.
Tədbirin sonunda kitabların müəllifləri iştirakçıların suallarını cavablandırıblar.
***
53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan Mədəniyyət Nazirliyinin heyəti və ölkəmizin Misirdəki səfirliyinin nümayəndələri məşhur İsgəndəriyyə Kitabxanasında olublar.
Heyət kitabxananın foyesində dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün önünə gül dəstələri qoyublar. Qonaqlara İsgəndəriyyə Kitabxanası haqqında ətraflı məlumat verilib.