Təyinatı üzrə fəaliyyətini dayandıran bütün hamamlar tarixi-mədəni irs obyekti sayılmalıdırmı?

 

Xalqın zəngin mədəni irsini təsdiqləyən elementlərdən biri də abidələr və tarixi yerlərdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir. Bir sıra arxeoloji və memarlıq abidələrimiz bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olduğunu deməyə əsas verir. Məhz belə əhəmiyyətinə görə tarix yadigarlarının gələcək nəsillərə çatdırılması üçün onların təmir-bərpası vacibdir.

Ölkəmizdə tarixi-mədəni mirasın qorunması, bərpası, tədqiqi və təbliği dövlətimizin məlum mədəniyyət siyasəti ilə tənzimlənir. Bununla bağlı ayrıca qurum – Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Qədim mədəni irsin bərpa və konservasiyası ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Bu günədək tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində çoxsaylı işlər həyata keçirilib.

 

“Bu mirası gələcəyə ötürməliyik”

 

Bəs, görəsən, bütün keçmiş tikililər, o cümlədən ictimai hamam binaları da tarixi abidə sayılmalıdırmı? Yaxud bu tikililər hansı meyarlara əsasən abidə hesab edilir? Bu və digər suallarımızı AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Memarlıq abidələrinin qorunması və bərpası problemləri bölməsinin rəhbəri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevaya ünvanladıq. Alim bildirdi ki, ölkə ərazisində tarixi abidə statusu alaraq qorunan hamam tikililərinin hamısı qiymətli memarlıq abidələridir: “Bunlar həm konstruksiyasına görə, həm tarixiliyi baxımından, üslubuna, tikinti texnikasına görə hər biri əhəmiyyətlidir. Hamamlar Orta əsrlərdən bəri müxtəlif formada inşa ediliblər. Abşeronun yaşayış məntəqələrində XVIII əsrə qədər qum hamamlarına daha çox rast gəlinir. Bu binalar yerin altında tikilmiş hamamlardır. Bir hissəsi yerin altında, bir hissəsi isə üstdə tikilib. Bu hamamlar həm də ona görə qiymətlidir ki, onların inşası zamanı texnika yox idi, belə tikililər, bütün günbəzlər, ornamentlər ustaların əlinin əməyidir. Digər üstünlük ondadır ki, hamamların yerin altında tikilməsi həm də onların su axınını, kanalizasiya sistemini təmin etmək məqsədi daşıyırdı. Digər tərəfin isə yerin altı soyuq aylarda istiliyi saxlamaq üçün münasib idi. XIX əsrdən ikikameralı hamamlar yaranmağa başladı. Biz onları bəzən Avropa tipli hamamlar da adlandırırıq. Avropa ilə gediş-gəliş artandan sonra bizim milyonçuların xarici səfərləri, eləcə də səyahətçilərin gəlişi ilə soyunub-geyinmə otaqları, hücrələr, günbəzli hamamlar inşa edilməyə başlandı”.

Şəxsi hamamlarla da bağlı fikirlərini bildirən müsahibimiz paytaxtın Mərdəkan qəsəbəsində bir tikilinin adını çəkdi: “Qəsəbə sakininin həyətində olan hamamla bağlı sahibinə binaya abidə statusu vermək istədiyimizi bildirəndə o razılaşmırdı. Deyirdi, bu hamam mənim şəxsi tikilimdir və babam tərəfindən inşa edilib. Şəxsi hamam da olsa, biz ona niyə abidə statusu verərək qoruyub saxlamayaq? Çünki belə binalar nadir tikililərdir. Amma vətəndaş israr edirdi ki, bu bizim ailə əmlakımız olduğu üçün istədiyimiz kimi də istifadə edə bilərik. Düşünürəm ki, biz bu mirası gələcəyə ötürməliyik. Belə tikililəri təbiət hadisələrindən və digər təsirlərdən qorumalıyıq”.

Mütəxəssis deyir ki, Şərq ölkələrində hamamlar mədəniyyətin bir hissəsidir: “Ona görə də hamamların şəxsi, yaxud dövlətin himayəsində olmasından asılı olmayaraq qorunması vacibdir. Abidə dövlət qeydiyyatında olmalıdır ki, ehtiyac yarananda bərpa edilsin, daim nəzarətdə olsun. Azərbaycanın bütün bölgələrində hamamlar var. Abşeronun kəndlərində elə kəndlər var ki, orada bir neçə ictimai hamam mövcuddur. Şuşanın 17 məhəlləsi olub və hər bir məhəllənin öz məscidi, öz hamamı varmış”.

 

Dövlət mühafizəsində 54 tarixi hamam binası var

 

Mövzu ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də müraciət etdik. Qurumdan bildirildi ki, ölkə ərazisində tarix-mədəniyyət abidələrinin sonuncu reyestri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq olunub. Həmin qərarla ölkə ərazisində 6308 daşınmaz tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində aparılan tarix-mədəniyyət abidələrinin monitorinqləri nəticəsində 1400-dən çox abidənin mövcudluğu müəyyən edilib və yeni aşkar olunmuş abidə kimi qeydə alınıb. Aparılmış işlər yalnız yeni siyahının hazırlanmasına xidmət etmir, eyni zamanda müasir tələblərə cavab verən məlumat bazasının yaradılması üçün əsas rol oynayır. Həmin abidələrin də dövlət mühafizəsinə götürülməsi istiqamətində işlər davam etdirilir.

Tarix-mədəniyyət abidələrinin dövlət mühafizəsinə götürülməsi qanunvericiliyə uyğun olaraq Dövlət Xidməti tərəfindən ölkə ərazisində həyata keçirilən monitorinqlər nəticəsində tarix, memarlıq və arxeoloji əlamət daşıyan obyektlər müəyyən edilərək qeydə alınır. Daha sonra həmin obyektlərə tarixi abidə statusunun verilməsi üçün AMEA-nın müvafiq institutları tərəfindən əsaslandırılmış rəyin verilməsi üçün müraciət olunur. Rəy alındıqdan sonra həmin obyektlər yeni aşkar edilmiş tarixi abidə qismində qeydə alınır və onlara mühafizənin ilkin dərəcəsi tətbiq edilir. Bundan sonra yeni aşkar edilmiş tarixi abidələrin dövlət mühafizəsinə götürülməsi üçün müvafiq sənədlər Nazirlər Kabinetinə təqdim olunur. Nazirlər Kabinetinin qərarları ilə abidələr dövlət mühafizəsinə götürülür.

Dövlət Xidmətindən bildirildi ki, tarix-mədəniyyət abidələri qeydiyyata alınarkən onların tarixi, yəni həmin obyektin tikildiyi dövr, müəyyən tarixi hadisələrin orada cərəyan etməsi, hansısa tarixi şəxsiyyətlə bağlılığı kimi məqamlar diqqətə alınır, habelə memarlıq üslubunun zənginliyi, bədii-estetik xüsusiyyətləri, inşa texnologiyası, kənar tikililər üzərində dominantlığı və digər bu kimi məsələlərə önəm verilir. Arxeoloji əlamət daşıyan obyektlərin qeydiyyat zamanı isə arxeoloji təbəqələrin sayı, əhatə etdiyi tarixi dövr, orada aşkar olunmuş maddi mədəniyyət nümunələrinin zənginliyi kimi məqamlara xüsusi diqqət yetirilir.

Hamamların tarixi abidə kimi dövlət mühafizəsinə götürülməsi məsələsinə gəlincə, bu tip memarlıq abidələri ölkəmizdə çoxluq təşkil edir. Yaşı yüzillikləri ötən hamamlar var. Bu tarixi tikililər xalqımızın adət-ənənəsinin bir parçası kimi uzun müddət fəaliyyət göstəriblər və bu gün də öz ilkin missiyasını davam etdirən tikililər mövcuddur. Hamamların bir qismi isə bərpa olunaraq muzey, qalereya kimi fəaliyyət göstərir. Onlardan Quba rayonunda Hündür günbəzli hamamı, Maştağa qəsəbəsində Qum hamamını qeyd edə bilərik.

Dövlət Xidmətindən öyrəndik ki, bu gün Bakı və ətraf qəsəbələrdə, eləcə də Abşeron rayonunda dövlət mühafizəsinə götürülmüş 54 tarixi hamam mövcuddur. Bərpa-konservasiyaya ehtiyacı olan hamamlar investisiya planına salınaraq orada da müvafiq işlər həyata keçiriləcək. Yerli əhəmiyyətli tarixi abidələr siyahısına daxil olan hamamlarla yanaşı, ümumilikdə bütün abidələrimizin qorunması təkcə dövlətin deyil, həm də hər bir vətəndaşın diqqətində olmalıdır...

Lalə Azəri