M.Hess: “Şuşa Almaniyanın mədəniyyət beşiyi Vaymar ilə müqayisə edilə bilər”
Almaniyalı alim Mixael Raynhard Hess “Məclis – Azərbaycan mədəniyyətinin mərkəzi forumu” adlı məqalə yazıb. Məqalə TRT-nin alman dilində xidmətinin (TRT Deutsch) internet səhifəsində yayımlanıb.
Məqalədə Avropada erkən sənayeləşmə dövründə formalaşan “ədəbi salonlar”ın Şərq ölkələrindəki oxşarı olan “ədəbi məclislər” Şuşanın timsalında təhlil edilir. Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına verdiyi töhfələrə görə Şuşa Almaniyanın tarixi mədəniyyət mərkəzi Vaymar (Weimar) şəhəri ilə müqayisə olunur.
M.Hess məqalədə, xüsusilə, Qarabağ xanlığının çar Rusiyası tərəfindən istilasından sonra baş verən mədəni transformasiyanın təsirlərini Cəfərqulu xan Nəvanın (1787-1866) yaradıcılıq nümunəsində izah edir. Qarabağ və Şuşa xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan 1829-cu ildən Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər keçirirdi. Sonrakı illərdə Xurşidbanu Natəvanın (1832-1897) “Məclisi-üns” (“Dostluq məclisi”) və Mir Möhsün Nəvvabın (1833-1918) “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyat tarixində məclis mədəniyyətinin əsas mərkəzi kimi təqdim edilir.
Məqalədə Hannover Krallığından olan şair Fridrix Martin von Bodenştedtin (1819-1892) 1840-ci illərdə gəncəli şair Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi ədəbi məclislərə qatılması, 1851-ci ildə Almaniyaya qayıtdıqdan sonra isə Vazehin şeirlərini nəşr etdirməsindən də bəhs edilir.
Alman alim vurğulayır ki, bu mədəni-ədəbi məclislər Şuşa və ümumilikdə, Qarabağ diyarının Azərbaycan mədəniyyət və ədəbiyyat tarixində misilsiz əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir.
Şuşanın 2020-ci ildə işğaldan azad edilməsinə və bu şəhərin Azərbaycanın mədəniyyət tarixində yerinə toxunan M.Hess yazır: “Bir daha aydın olur ki, otuz il davam edən işğal dövründə nəyə görə sistematik olaraq Şuşadan Azərbaycan irsini silmək məqsədilə onun təhrif edilərək dəyişdirilməsi üçün sağlam düşüncəyə sığmayan cəhdlər edilmişdir...”.
M.Hess Almaniyanın Qiesen (Giessen) Universitetində çalışır. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 2016-cı ildə Berlində alman dilində nəşr edilən “Tanklar cənnətdə” və 2020-ci ildə Münxendə ingilis dilində nəşr edilən “Qarabağ XIII əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitablarının müəllifidir.