İtaliyanın San-Remo şəhərində ənənəvi musiqi festivalı keçirilir. Fevralın 1-də açılışı olan 72-ci San-Remo Musiqi Festivalı İtaliyanın “RAI” telekanalı vasitəsilə canlı yayımlanır.
“Ariston” teatrının səhnəsində keçirilən açılış mərasiminin aparıcısı məşhur aktrisa Ornella Muti olub. Festivalda tanınmış müğənnilər Gianni Morandi və Massimo Ranieri ilə yanaşı, Achille Lauro, Harlem Gospel Choir, Yuman, Noemi, Michele Bravi, Mahmud&Blanco, Ana Mena, Rkomi, Dargen D’Amico, Giusy Ferreri kimi gənc musiqiçilərin ifaları dinlənilib.
İtalyan pop musiqisinin ən nüfuzlu yarışması olan festival fevralın 5-dək davam edəcək. Qalibə ənənəvi “Qızıl palma” mükafatı veriləcək.
İtaliyanın San-Remo kurort şəhərində musiqi festivalının əsası 1951-ci ildə qoyulub. Ötən illərdə festivalın bir çox qalibləri sonradan Avropa və dünya miqyasında ulduza çevriliblər.