2 fevral – Azərbaycan Gəncləri Günü Gürcüstan paytaxtında da qeyd olunub. Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində əlamətdar günlə bağlı sərgi açılıb, konsert təşkil olunub. Tədbirə Azərbaycan səfirliyinin əməkdaşları da qatılıb.
İştirakçılar əvvəlcə Marneulidə fəaliyyət göstərən “Qrinviç” təhsil mərkəzini təmsil edən gənclərin əl işləri ilə tanış olublar.
“Çıraqdan” xalq alətləri ansamblının ifasında Azərbaycan və gürcü folklor nümunələri səsləndirilib.
Yerli və beynəlxalq müsabiqələrin qalibi, Tbilisidəki 150 nömrəli tam orta məktəbin şagirdi Mariam Tsiklauri gürcü mahnıları ilə yanaşı, Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin “Cücələrim” uşaq mahnısını da ifa edib.
Azərbaycan və gürcü rəqslərinin də yer aldığı maraqlı konsert proqramı alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində gənc rəssam Nino Mçedlişvili çəkdiyi “Bakı” rəsmini və Nizami Gəncəvinin portretini Azərbaycanın Gürcüstandakı Səfirliyinə hədiyyə edib.
Səfirliyin əməkdaşı Ramel Lətifov hədiyyəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan və gürcü xalqlarının qədim dostluq əlaqələri var. Bu cür tədbirlər bizi daha da yaxınlaşdırır. Diplomat tədbirin təşkilinə görə M.F.Axundzadə adına AMM-in rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyevaya təşəkkür edib.
Sonra Marneulidən gəlmiş gənclər Azərbaycan və gürcü xalq rəqslərini təqdim ediblər.
Sonda gənc rəssam və musiqiçilər təltif olunublar.