“Yeni gənclik” musiqi günləri çərçivəsində konsert

 

Fevralın 2-də Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 ili tamam oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Ulu öndərin 1997-ci ildə imzaladığı fərmana əsasən, 2 fevral tarixi “Azərbaycan Gəncləri Günü” elan edilib. Belə bir əlamətdar gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb.

Hər il olduğu kimi, bu il də gənclərin bayramı münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər proqramı hazırlanıb. 2-4 fevral tarixində reallaşan “Yeni gənclik” musiqi günləri də bu qəbildəndir.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında fevralın 2-də “Yeni gənclik” musiqi günləri çərçivəsində ilk konsert keçirildi. Filarmoniyanın “Gənclərə dəstək” layihəsi iştirakçılarının çıxış etdiyi konserti dinləməyə mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər gəlmişdi.

Proqramda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimov) yerli və xarici bəstəkarların əsərlərini təqdim etdi.

Orkestrin ifasında ilk olaraq Antonio Vivaldinin fleyta və orkestr üçün konsert (solist – Rəhilə Nəzərova, fleyta) əsəri səsləndirildi. Sonra səslənən Tofiq Bakıxanovun süitası (ilk ifa) gecənin iştirakçılarını yüksək əhvala köklədi. Qara Qarayevin “İnsan məskən salır” filminə yazdığı musiqini Nuranə Əliyeva (piano) böyük coşqu ilə ifa etdi.

Daha sonra Zakir Bağırovun “Rapsodiya”, Vaqif Mustafazadənin “Mart”, Fikrət Əmirovun “Mən səni araram”, “Muğam poema”, Yozef Haydnın 1 nömrəli violonçel və orkestr üçün konsert (I hissə), Edvard Elqarın “Salut d’Amour”, Ernest Bloxun “Niqun”, Volfqanq Amadey Motsartın 5 nömrəli konsert və Pablo Sarasatenin “Qaraçı nəğmələri” əsərlərinin səslənməsi gecəyə rəng qatdı.

Proqramın musiqili qonaqları Əmirə Terequlova (violin), Sevda Cəbrayılova, Zilhiccə İsmayılova (hər ikisi qanun), Cəmilə Rəhimova (piano), Emil Hüseynzadə (vokal), Vaqif Qurbanov (violonçel), Səbinə Həsənzadə (violin), Humay Hacızadə (viola), Aytac Kara, Səidə Əhmədova və Toğrul Abdullayevin (hər üçü violin) gözəl ifaları da gənclərin bayramına yaddaqalan musiqi töhfəsi oldu.

Konsertə “Qarabağ şikəstəsi” zərbi muğamının ifası ilə yekun vuruldu. Gənc xanəndələr Sabir Ağayev, Fəqan Xəlilli və Nihad Məmmədzadənin möhtəşəm ifasına musiqisevərlər gur alqışlarla qarşılıq verdi.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsinin məqsədi ölkədə gənc istedadların üzə çıxarılması və yaradıcı fəaliyyətin təşviq edilməsidir.

Nurəddin