İstiqlal Muzeyində musiqili-bədii tədbir

 

Fevralın 2-də Azərbaycan İstiqlal Muzeyində Gənclər Gününə həsr olunmuş “Qələbə ruhlu Azərbaycan gəncliyi” adlı musiqili-bədii tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, gənclik hər bir ölkənin gələcək inkişafı üçün təməl daşıdır. Azərbaycan gəncliyi ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində nailiyyətlər qazanır.

Vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində qanını və canını əsirgəmədən düşmən tapdağındakı torpaqlarımızı azadlığına qovuşdurdu. Bu gün Azərbaycan gəncliyi əlamətdar bayramını qalib ölkənin gəncləri kimi fəxrlə qeyd edir.

Tədbirdə 4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin istedadlı şagirdləri musiqi nömrələrindən və rəqslərdən ibarət bədii proqramla çıxış ediblər.

Tədbirdə Səbail Rayon Gənclər və İdman İdarəsi və Xəzər rayon Gənclər evinin fəal gəncləri, “ASAN Könüllülər” Təşkilatının üzvləri və muzey əməkdaşları iştirak ediblər.