Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində “Gəl, ümid” (Komm, Hoffnung) adlı kamera-vokal musiqisi axşamı təqdim olundu. Gecə dahi alman bəstəkarı Lüdviq Van Bethovenin (1770-1827) yaradıcılığına həsr edilmişdi.
“BakuOperArt”ın layihəsi olan konsert proqramında Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) ifaları maraqla qarşılandı.
Konsert proqramında yer alan əsərlərin əksəriyyəti Bakıda ilk dəfə səslənirdi. İlk dəqiqədən musiqinin cazibədar gücü Muğam Mərkəzinin bütün zalını bürüdü. Tamaşaçılara təqdim olunan repertuar həm vokal ifaçısı, həm də fortepiano müşayiəti üçün çətin idi. Əvvəlcə Bethovenin, daha sonra Şuman və Şubertin əsərləri səsləndi. Proqrama Bethovenin əsərləri ilə yekun vuruldu.
Proqram çox gözəl qurulmuşdu. Fəridə Məmmədovanın konsert boyu vokalda işlətdiyi bütün nüanslar, pianodan forteyə, fortedən pianoya keçidləri dinləyicini heyran edirdi. Duet həm də vokalın fortepiano ilə həmahəngliyi baxımından maraqlı idi. Bütün nüanslar o qədər sinxron, harmonik idi ki, səsin və pianonun vahid tandemi aydın duyulurdu. Yuliya Kərimovanın rəqs edən barmaqlarının yalnız düymələrə toxunduğu hissi var idi və onlara dərhal sehrli səslərlə cavab verilirdi. Konsert sanki fortepiano və vokalın dialoqu idi.
Səsləndirilən əsərlər klassik musiqi həvəskarlarına həmin gün böyük ümid və sevgilər bəxş etmiş oldu.
Lalə