Beynəlxalq Muğam Mərkəzində “Detaşe” ansamblının konserti

 

Mədəniyyət Nazirliyi tərəfindən 2 fevral – Gənclər Günü münasibətilə tərtib edilən “Yeni gənclik” musiqi proqramları davam edir. Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində “Detaşe” violin ifaçıları ansamblının konserti keçirildi.

Əvvəlcə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, Xalq artisti Zəhra Quliyeva bədii rəhbəri olduğu “Detaşe” ansamblının yaranma tarixindən söz açdı. Dedi ki, ölkəmizdə yaradıcı gənclərə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Ansamblda BMA-nın tələbələri və Prezident təqaüdçülərinin çıxış etmələri bunun bariz nümunəsidir. Xalq artisti çıxışının sonunda konsertin təşkilatçılarına minnətdarlığını ifadə etdi.

Sonra konsert proqramı təqdim olundu. Ansamblın və solistlərin – Prezident təqaüdçüsü Zərrin Əliyeva, BMA-nın III kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadənin çıxışları alqışlarla qarşılandı. İfaçıları pianoda Səbinə Muradova müşayiət edirdi. Proqrama Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxil edilmişdi.

Qeyd edək ki, “Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır.