Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov ilə görüşüb.

Görüşdə Azərbaycan mədəniyyətinin Özbəkistanda tanıdılması, Daşkənd vilayəti üzrə yerli diaspor təşkilatının fəaliyyəti, habelə gələcək planlar barədə müzakirə aparılıb.

Görüşün nəticəsi olaraq AMM tərəfindən diaspor təşkilatına ölkəmizlə bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib.

Kolleksiyaya AMM-in “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ilə çap olunan kitablar, Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair nəşrlər daxil edilib. Hədiyyə edilən kitablar arasında Heydər Əliyev Fondunun layihələri çərçivəsində işıq üzü görən nəşrlər də yer alıb. Bundan başqa, diaspor təşkilatına Azərbaycan musiqisinə aid disklər, habelə ölkəmizin təbliğinə dair suvenirlər, milli geyimlər verilib.

AMM tərəfindən müntəzəm olaraq “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində hər il ölkəmizə dair kitablar, jurnallar və elektron nəşrlər Özbəkistanın aparıcı kitabxanalarına, elm və təhsil müəssisələrinə, Azərbaycan ocaqlarına, yerli diaspor təşkilatlarına hədiyyə edilir.