Türk tarixinin Avşarlar boyu
Nadir şah Əfşar təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünya tarixinin dahi şəxsiyyətlərindən biridir.
Bu fikir yanvarın 29-da Türkiyənin Adana şəhərində Dünya Avşarlar Dərnəyinin (Dünya Avşarlar Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi) yaradılmasının 6-cı ildönümünə həsr olunan beynəlxalq konfransda səslənib.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Şimali Kipr, Suriya, İraq, Türkmənistan və başqa ölkələrdən nümayəndələr qatılıb.
Tədbiri giriş sözü ilə açan Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya ötən illərdə həyata keçirdikləri fəaliyyətdən bəhs edib. O, Nadir şah Əfşara həsr olunan ilk beynəlxalq elmi konfransın üç il əvvəl Bakıda keçirildiyini diqqətə çatdırıb və böyük sərkərdənin ümumtürk tarixində xüsusi yeri olduğunu vurğulayıb.
Dünya Avşarlar Dərnəyinin Azərbaycan təmsilçisi, şair Şöhlət Əfşar qeyd edib ki, Nadir şah tarixin gedişini dəyişdirən sərkərdədir. O, tarixdə üç imperiya – Çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyaları ilə savaşdan qalib çıxan və çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdardır...”.
AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudov çıxışında bildirib ki, tarixinə sahib çıxan xalq yenilməzdir, tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur: “Xalqımızın tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır. O, Əfşarların Qırxlı boyundan idi. Dərbənddəki Qırxlar məscidi, Qırxlar qəbiristanlığı, Qırxlar məhəlləsi və Qırxlar qapısı bu boyun yadigarlarıdır. Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar, çünki bu barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, məzhəb ayrılığına son qoymağa çalışırdı. Lakin Nadir şahın qətli ilə başlatdığı islahatlar yarımçıq qaldı və Azərbaycan tarixində fəlakətli bir dövr başlandı...”.
Yaqub Mahmudovun çıxışı tədbir iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanıb. Beynəlxalq konfransda qeyd olunub ki, Əfşarlar imperiyası Səfəvilərin davamı idi. Tarixdə üç hökmdar – Makedoniyalı İskəndər, Əmir Teymur və Nadir şah Əfşar Hindistanı fəth edə bilmişdi.
Tədbirdə tarixçi-alimlər Yaqub Mahmudov və Tofiq Mustafazadənin müəllifi olduqları “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” kitabı (2019) iştirakçılara təqdim edilib.
Sonda Azərbaycan nümayəndə heyəti adından Şeref Kocakayaya Nadir şah Əfşarın kətan üzərində işlənmiş portreti hədiyyə olunub.
Xatırladaq ki, 2019-cu ildə Bakıda AMEA-nın Tarix İnstitutu və Dünya Avşarlar Dərnəyinin birgə təşkilatçılığı ilə “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.