Paytaxt məktəbliləri beynəlxalq müsabiqələrdə iştirak ediblər

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Musiqi məktəbinin şagirdləri “Astana Stars” Beynəlxalq Festivalı (Qazaxıstan) çərçivəsində keçirilən və Avstriya bəstəkarı Frans Yozef Haydnın 290 illiyinə həsr olunmuş “Fantasia” klassik musiqi müsabiqəsində onlayn formatda iştirak ediblər.

Baş idarədən bildirilib ki, məktəbin qanun ifaçılığı üzrə şagirdləri – respublika və beynəlxalq müsabiqələr laureatı Xədicə Balabəyova “simli alətlər” nominasiyası üzrə 11-13 yaş kateqoriyasında Qran-pri mükafatına, Əsmər Qədirli isə 14-16 yaş kateqoriyasında I dərəcəli laureat adına layiq görülüb. Xədicə Adil Gərayın “Səfikürd”, Əsmər isə “Bağçakürd” əsərlərini ifa edərək münsiflər heyətinin rəğbətini qazanıblar.

Hər iki şagirdin müəllimləri Vəfa Babazadə və Ayna Səttarova təşəkkürnamə ilə təltif ediliblər.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərə dəstək” layihəsi çərçivəsində paytaxtdakı Rus evində keçirilmiş konsertdə fəal iştirak ediblər.

Fortepiano ixtisası üzrə müəllim Sevil Qasımovanın şagirdləri Camal Əliyev, Fərəh Əliyeva və Cəmilə Rəhimovanın çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb və onlar təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif olunublar.

***

Bu il 60 illik yubileyini qeyd etməyə hazırlaşan Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri də yeni uğurlara imza atıblar. Məktəbin şagirdləri Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən bir neçə müsabiqəyə qatılıblar.  “Hörmətli Astana” VI beynəlxalq onlayn müsabiqəsində məktəbin fortepiano sinfində təhsil alan H.Hacıyeva (VII sinif, müəllim G.Süleymanova) Qran-pri mükafatına layiq görülüb. “Musical Christmas Day” (“Musiqili Milad günü”) adlı vokal-instrumental onlayn müsabiqədə məktəbin fleyta ixtisası üzrə şagirdləri – L.İbadlı (III sinif) I dərəcəli laureat adını, Əhməd Eyvazlı (IV sinif; hər ikisinin  müəllimi  A.Əzizova, konsertmeysteri S.Ağabalayeva) Qran-pri mükafatı qazanıb. Nur-Sultan şəhərində keçirilən “British Lion” adlı vokal-instrumental onlayn müsabiqədə isə məktəbin xanəndəlik sinfində təhsil alan Böyükağa Quluzadə (III sinif, müəllim S.Yadigarov) Qran-pri mükafatına layiq görülüb.