Gəncə RMİ Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı Mübariz İbrahimovun (1988-2010) doğum günü (7 fevral) ilə əlaqədar “Sən ananın gözündəki əbədi qürursan” başlığı altında sərgi təşkil edib. Sərgidə cəsur döyüşçüyə həsr edilmiş kitablar və milli qəhrəmanlarımızın fotoşəkilləri nümayiş etdirilib.

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və bir qrup mədəniyyət işçisi Vətən müharibəsi şəhidi Araz Baxşəliyevin ailəsini ziyarət edib. Görüşdə idarə rəisi Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbə qazanmasından, igid oğullarımızın qəhrəmanlıqlarından söz açıb.

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzi “Şuşa İli” çərçivəsində “Unudulmayan qəhrəmanlar” layihəsini həyata keçirir. Şuşanın Milli Qəhrəmanlarının tanıdılması məqsədilə həyata keçirilən layihənin ilk tədbiri Ramiz Qəmbərova (1962-1992) həsr olunub. Tədbirə R.Qəmbərovun Birinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən danışılıb.

Şəki RMİ-nin rəis əvəzi Tərlan Nəsibov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov və qurumun əməkdaşları Vətən müharibəsi şəhidləri Toğrul Nağıyev və Cavidan Məmmədlinin ailələrini ziyarət edib, onlara mənəvi dəstək olub, ərzaq yardımı göstəriblər.

Ağcabədi RMİ Ağdam rayon Qurban Pirimov adına 2 saylı Uşaq musiqi məktəbinin müəllim kollektivi Mübariz İbrahimovun doğum günü münasibətilə II Fəxri xiyabanda məzarını ziyarət edib. Azərbaycanlı cəsur əsgər Rahib Məmmədovun (1967-1987) xatirəsi isə onun adını daşıyan Ağdam rayon Mahrızlı kəndindəki Döyüş Şöhrəti Muzeyində anılıb. Rahib Məmmədov haqqında “Azərbaycanfilm”in 1987-ci ildə istehsalı etdiyi və Dövlət Film Fondu tərəfindən bərpa olunan “Əbədiyyətə qovuşan ömür” sənədli filmi nümayiş olunub.

Bərdə RMİ Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Salahlı kənd Folklor evinin əməkdaşları Vətən müharibəsi qazisi Eltun Vəliyevin ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar.

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Akif Əkbərovun (1952-1991) anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib. Çıxış edənlər qəhrəman şəhidin həyat və döyüş yolu haqqında danışıblar.

Ağstafa RMİ Ağstafa rayon MKS Mübariz İbrahimovun doğum günü ilə əlaqədar “Ölümsüzlüyə qovuşan qəhrəman” başlıqlı tədbir keçirib. MKS-nin direktoru Solmaz Nağıyeva Milli Qəhrəmanın yeni nəsillərə örnək şücaətindən bəhs edib.

Tovuzda Vətən müharibəsi şəhidi Ceyhun İsmayılovun xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə regional idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov və mədəniyyət işçiləri iştirak edib.

Biləsuvar RMİ Biləsuvar rayon MKS-nin kənd kitabxana filiallarının əməkdaşları Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar şəhidin ailəsini və ev-muzeyini ziyarət ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi (RMİ) İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verilib.