Azərbaycanlı musiqiçinin İstanbulda konserti

 

Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə İstanbulun Cemal Reşit Rey Salonunda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertin ilk əsəri olan Pyotr Çaykovskinin simli orkestr üçün “Serenada”sına dirijorluq edən A.Manafzadə daha sonra piano arxasına keçərək Vaqif Mustafazadənin “Piano konserti”, Tofiq Quliyevin “Qaytağı” və Volfqanq Amadey Motsart-Arkadi Volodosun “Türk marşı” əsərlərini eyni anda pianoda çalaraq həm də dirijorluğunu edib.

Konsertin sonunda “Xocalıya” adlı əsərini orkestr ilə birlikdə ifa edən A.Manafzadə dinləyicilər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti İslam Manafovun oğlu olan Abuzər Manafzadə Herbert von Karajan, Zubin Mehta Claudio Abbado kimi böyük dirijorları yetişdirən Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Dirijorluq fakültəsinin ilk azərbaycanlı tələbəsidir. Bu ilin iyununda Vyana Radio Simfonik Orkestrinə dirijorluq edərək bu ali təhsil müəssisəsindən məzun olacaq. Cemal Reşit Rey Salonunda konsert  onun Türkiyədə dirijor kimi ilk çıxışıdır.