Bu il İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən 29 dekabr 2021-ci il tarixində müvafiq sərəncam imzalanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib.  Tədbirlər planına əsasən, “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa, “XIX əsrdə regionda dünyəvi təhsil verən İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında esse müsabiqəsi, seminar, sərgi və digər tədbirlər nəzərdə tutulur.

Həmçinin görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, dövlət başçısının sərəncamında da vurğulandığı kimi, XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olub. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib. Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var.