Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə fevralın 11-də paytaxtdakı G.Şaroyev adına 35 saylı onbirillik Musiqi məktəbində narkomaniyaya qarşı mübarizədə maarifləndirmə fəaliyyəti ilə bağlı “Gələcək öz əlimizdədir!” mövzusunda tədbir keçirilib.
Mərkəzin əməkdaşları və regional mədəniyyət müəssisələri işçilərinin onlayn iştirakı ilə keçirilən tədbirdə Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialı Tələbə-gənclər təşkilatının sədri Aydan Höccətova, gənclərlə iş üzrə ekspert və təlimçi Məryəm Məcidova, DİN-nin Bakı Şəhər Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Seymur Quliyev, “Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icraçı direktoru Tələt Qəribov, QİÇS mərkəzinin əməkdaşı, həkim-infeksionist Günəş Cəfərova, həkim-narkoloq Rövşən Kərimli, psixoloq Aynur Mahmudova, kinorejissor Mehdi Yaqubov, blogerlər Ağa Mehdiyev, Nail Kəmərli və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yollarından biri gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.
Mövzu ətrafında müzakirə və fikir mübadiləsi aparılıb, tematik videoçarxlar nümayiş olunub. Tədbirin bədii hissəsində “Mavi röya – qara yuxular” adlı tamaşadan səhnə nümayiş olunub. Tamaşanın ssenari müəllifi və rejissoru MEMİM-in “Bölgə” teatr truppasının bədii rəhbəri Hüseyn Məmmədovdur.