Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi Ləman Şərifzadə Moskvada keçirilən Avrasiya incəsənət müsabiqəsində uğurla çıxış edib.
Baş idarədən bildirilib ki, F.Mendelsonun fortepiano üçün “Sözsüz mahnı” (№1) əsərini ifa edən Ləman Şərifzadə “instrumental musiqi” nominasiyası üzrə 12-13 yaş kateqoriyasında “Avrasiya incəsənət mükafatı”nın I dərəcəli diplomuna layiq görülüb.
Münsiflər heyəti ifaçının müəllimi Kəmalə Ələsgərovanı göstərdiyi yüksək peşəkarlığa və şagirdin musiqi-estetik inkişafına verdiyi böyük töhfəyə görə təşəkkürnamə ilə təltif edib.