Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Fevralın 11-də gerçəkləşən konsertdə istedadlı solistlər – Əməkdar artist Aleksey Miltıx (violonçel) və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (skripka) səhnəyə çıxıblar.

Musiqi axşamında əvvəlcə İ.Bramsın skripka və violonçel üçün qoşa konserti səsləndirilib. Qeyd edək ki, müəllif bu əsəri skripkaçı Jozef İoaxima və violonçel ifaçısı Robert Hausman üçün bəstələyib.

Proqramda yer alan ikinci əsər isə Sergey Raxmaninovun mi minor notlu ikinci simfoniyası olub. Bəstəkar bu əsəri müəllimi Sergey Taneyevə həsr edib.

Klassik musiqi həvəskarları solistlərin məharətli ifalarından böyük zövq alıb, onları alqışlarla mükafatlandırıblar.

Lalə