Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Nizami Gəncəvinin 880 illiyi münasibətilə nəşr etdiyi “Nizami Gəncəvini oxuyaq” (“Reading Nizami Ganjavi”) art-albomu Kiyevdə – Ukrayna Milli Yazıçılar İttifaqında təqdim edilib. Qeyd edək ki, ingilis dilində nəşr olunan art-albomun indiyədək bir sıra şəhərlərdə təqdimatı keçirilib.
Kiyevdəki təqdimat TÜRKSOY, Ukrayna Milli Yazıçılar İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Ukrayna Milli Yazıçılar İttifaqının rəhbəri Mixail Sıdorjevski mərasimi açaraq TÜRKSOY-un Baş katibi Düsen Kasienovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb, Ukrayna-türk ədəbi layihələrinə töhfə verməkdən məmnunluğunu bildirib. Mixail Sıdorjevski deyib: “Nizami dünya miqyaslı dahidir. Bu görkəmli azərbaycanlının xatirəsi Ukrayna cəmiyyətində də ehtiramla yad edilir. Nizaminin əsərlərinin tərcüməçiləri arasında Ukrayna ədəbiyyatının klassikləri Leonid Pervomayski, Vasıl Barka, Vasıl Mısık, Mıkola Miroşniçenko və başqaları, Nizami yaradıcılığının ukraynalı tədqiqatçıları arasında Aqafangel Krımski, Lev Lopatınski, Mıkola Qulak kimi məşhurlar var. Biz Nizami Gəncəvi irsinin Ukraynada populyarlaşdırılmasına öz töhfəmizi verməyə şadıq...”.
Düsen Kaseinov TÜRKSOY-un iştirakı ilə Ukraynada həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Qeyd edib ki, Ukrayna auditoriyasının türk mədəniyyətinə, o cümlədən Azərbaycan mədəniyyətinə maraq göstərməsi çox sevindirici haldır: “İngilis dilində nəşr edilmiş “Reading Nizami Ganjavi” adlı art-alboma dahi şair və mütəfəkkirin əsərlərindən ilham almış türk rəssamlar tərəfindən çəkilmiş tablo və miniatürlər daxil edilib. Bu kitab Nizami irsinin Ukrayna cəmiyyətinə hərtərəfli təqdim edilməsinə mühüm töhfə olacaq...”.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova keçən il Xarkovda Nizami Gəncəvinin abidəsinin ucaldıldığını, Heydər Əliyev Fondunun dəstəyi ilə Taras Şevşenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın böyük şair və mütəfəkkirinin heykəl kompozisiyasının qoyulacağını diqqətə çatdırıb. O, həmçinin səfirlik tərəfindən Nizaminin “Xəmsə”sindəki beş poemadan parçalar daxil edilmiş kitabın Ukrayna dilində nəşr edilməsi haqqında məlumat verib.
Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının şöbə müdiri Tatyana Dobko keçən il aparılmış “Nizami Gəncəvi Ukrayna dilinə tərcümə və araşdırmalarda (1917-2021)” adlı biblioqrafik tədqiqat barədə danışıb. Qeyd edib ki, bu, Nizami əsərlərinin Ukrayna dilinə tərcümələri, ukraynalı alimlərin Nizami haqqında məqalələri, elmi konfranslar barədə tam və sistemləşdirilmiş biblioqrafiyadır.
Ukrayna Milli Elmlər Akademiyasının Aqafangel Krımski adına Şərqşünaslıq İnstitutunun elmi katibi, tarix elmləri namizədi Olqa Mavrina institutun Ukrayna-türk layihələrində, o cümlədən Nizami Gəncəvinin ədəbi irsinin tədqiqatına yönəlmiş layihələrdə iştirakı barədə məlumat verib.
“Kiyev-Mogilyanski Akademiyası” Milli Universitetinin professoru Fərhad Turanlı Nizami Gəncəvinin “Xəmsə” kitabının nəşrə hazırlanmasında fəaliyyəti barədə danışıb.
Tədbirin moderatoru, Ukrayna-türk layihələrinin kuratoru Marina Qonçaruk Ukraynada Nizami əsərlərinin tərcümələri və araşdırmaları, “Yaroslavov Val” nəşriyyatının direktoru Svetlana Koronenko Nizaminin “Leyli və Məcnun” poemasının Ukraynada nəşri (Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi) və təqdimatından söz açıb.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Emiliya Məmişova Nizaminin qəzəllərini Azərbaycan dilində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Darya Ponomarenko Nizaminin “Leyli və Məcnun” poemasından parçanı Ukrayna dilində söyləyib.
Ukrayna Milli Akademik Xalq Çalğı Alətləri Orkestrinin üzvü Marina Vişnevskaya “Sarı gəlin” Azərbaycan xalq mahnısının melodiyasını və Fikrət Əmirovun “Noktürn” əsərini bandurada ifa edib. Ukraynanın Xalq artisti Qurban Abbasov Nizaminin şeirlərinə yazılmış mahnıları oxuyub.
Tədbir çərçivəsində TÜRKSOY mükafatlarının təqdim edilməsi mərasimi də keçirilib. Məşhur Ukrayna şairi, türk xalqları, o cümlədən Azərbaycan ədəbiyyatının tərcüməçisi Pavel Movçana TÜRKSOY-un 2019-cu ildə təsis etdiyi “İmadəddin Nəsimi” medalı, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovaya və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruka “Nizami Gəncəvi” medalı təqdim edilib.
Ukrayna Milli Yazıçılar İttifaqının rəhbəri Mixail Sıdorjevski, eləcə də tədbirdə çıxış edən ukraynalı və azərbaycanlı sənətçilər, tələbələr xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edilib.
Xatırladaq ki, TÜRKSOY-un “Nizami Gəncəvini oxuyaq” art-albomunun fevralın 11-də Ukraynanın Dnepr şəhərində də təqdimatı olmuşdu.