Turinə Nadir Rüstəmli gedəcək

 

İtaliyanın Turin şəhərində keçiriləcək “Eurovision 2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.

Müsabiqənin milli yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, bu il ölkəmizi İtaliyanın Turin şəhərindəki yarışmada Nadir Rüstəmli təmsil edəcək.

İctimai TV-də yayımlanan beynəlxalq lisenziyalı “Səs Azərbaycan”ın böyük finalında tamaşaçıların dəstəyini almış və qalib seçilmiş Nadir Rüstəmli 1999-cu ildə Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub. O, 2019-cu ildə “Youthvision” beynəlxalq tələbə mahnı müsabiqəsində ölkəmizi təmsil edib və 21 ölkə arasında Azərbaycana 2-ci yeri qazandırıb.

Məlumatda o da diqqətə çatdırılır ki, “Eurovision 2022”də ifa olunacaq mahnı seçimi üzrə qəbul mərhələsi də başa çatıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib. Seçim prosesi mart ayının 2-ci həftəsində yekunlaşacaq və mahnı elan olunacaq.

Qeyd edək ki, şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Eurovision 2022”nin  yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də Turin şəhərində “PalaOlimpico”da baş tutacaq.