Martın 4-də Bakıdakı Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Auditorium zalında keçiriləcək gecədə italiyalı dirijorun idarəsi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Emil Bağırov (klarnet) Lüdviq van Bethoven, Volfqanq Amadey Motsart, Pyotr Çaykovski kimi dahi musiqiçilərin əsərlərini ifa edəcək.

Alvize Kazellati dirijor kimi ilk dəfə 2011-ci ildə Venesiyada “Teatro La Fenice” səhnəsində çıxış edib. Musiqiçi son bir neçə ildə müxtəlif festivallarda iştirak üçün dəvət alıb, İtaliyanın bir sıra məşhur opera teatrları ilə əməkdaşlıq edir. 2017-ci ildə təsis edilən “Opera İtaliana is in the Air” layihəsinin yaradıcısı və musiqi rəhbəridir. Layihənin əsas məqsədi gənc dinləyiciləri İtaliyanın opera irsinə cəlb etmək, italyan operasının hamı üçün əlçatanlığını təmin etməkdir.

Konsertdə solist kimi çıxış edəcək klarnet ifaçısı Emil Bağırov 2014-cü ildə adı gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə, 2017-ci ildə Prezident mükafatına layiq görülüb. 2012-ci ildə Təl-Əviv şəhərində keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı ifaçı” seçilib. 2013-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin solistidir.