Miniatürçü rəssam Fəxrəddin Əli dünyasını dəyişib
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əli fevralın 8-də dünyasını dəyişib.
Fəxrəddin Vəli oğlu Əli 10 may 1938-ci ildə Zəngəzur mahalında, Mehri rayonunun Nüvədi kəndində sənətkar ailəsində anadan olub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini Ordubad şəhərindəki Pedaqoji məktəbdə davam etdirib. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbində, 1964-1969-cu illərdə Rəssamlıq İnstitutunda təhsil alıb. Rəssamın “Babək” qobeleni diplom işi Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində qızıl medala layiq görülüb.
Fəxrəddin Əli əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. O, 1970-ci ildə “Həyatın gözəlliyi” adlı əsəri ilə respublika sərgisində iştirak edib. “Dədə Qorqud” dastanı, M.Şəhriyarın “Heydərbabaya salam”, Əssar Təbrizinin “Mehr və Müştəri” poemaları, Nizami Gəncəvinin “Xəmsə”si, həmçinin Nəsimi, Yunus Əmrə, Füzuli, Aşıq Veysəl, M.P.Vaqif, M.F.Axundzadə, Ə.Vahid və digər sənətkarların əsərlərinə maraqlı miniatürlərin müəllifidir. Rəssamın Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, “Şəhidlər” xalçası, şəxsi portretləri də maraqla qarşılanıb.
Bir neçə kitabın müəllifi olan rəssamın əməyi yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli sərəncamı ilə Fəxrəddin Əli “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2021-ci ildə müəllifi olduğu Nizaminin portretlərinin və “Xəmsə”nin beş poemasının hər birinə çəkdiyi yüzdən çox illüstrasiyanın (miniatür) yer aldığı nəfis tərtib edilmiş çoxcildliyə görə AMEA-nın fəxri fərmanı ilə təltif olunub.
Fəxrəddin Əlinin əsərləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, eləcə də ölkəmizdə və xaricdə bir neçə muzeyin fondunda saxlanılır.
Ötən ilin aprelində qəzetimizə müsahibəsində sənətkar demişdi: “Mən ixtisasca həm də şərqşünasam. Əlyazmalar İnstitutunda çalışıram. Bütün klassikləri orijinaldan oxumağa imkanım olub. Nizamiyə gələndə isə mən göz yaşlarımı saxlaya bilmirəm. XII əsrdən gələn bir insan əsrlərdir böyüklüyünü qoruyub. Nizami də, Nəsimi də, Füzuli də qüdrət sahibidir və onları Tanrı Azərbaycana pay verib”. Əsərlərindəki rənglərin sirrini isə Fəxrəddin Əli belə izah edirdi: “Rənglərin sirri elə özümdədir. Parlaq və qırmızı rənglərə üstünlük vermişəm hər zaman... Tələbə dostlarım çox vaxt mavi rəngdən istifadə edirdilər və mənim bu rənglərə müraciətim onlarda maraq doğurardı. Deyirəm ki, bu rənglərə bağlılıq bizim kökümüzdədir. Miniatürdəki rənglərə sevgimiz günəşdən enerji alır...”.
Xeyirxah və vətənpərvər insan, istedadlı rəssam, ləyaqətli şəxsiyyət Fəxrəddin Əlinin parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
Lalə Azəri