Müsahiblərimlə görüşə təyin etdiyim vaxtdan tez getdim. İstədim ki, onları özüm qarşılayım. Gənc Tamaşaçılar Teatrının xidməti qapısından girəndə mühafizə-nəzarət masasında əyləşən xanım, daha doğrusu, yaxalığındakı adı diqqətimi cəlb etdi. Adı Səhnə idi. Nisbətən dinməz qadını bir xeyli söhbətə tutmuşdum ki, yanımızdan ötən teatrın texniki əməkdaşlarının “Sən nə vaxt 60 oldun, ay kişi?” zarafat-sualına qanrıldım.

Budur, Natiq Fərzəliyev təşrif buyurdu. Hal-əhvaldan sonra “Neyniyək, Vahid müəllimi gözləyək?” sualıma “Onsuz başlasaq, alınmaz” deyib iri gözlərini intizarla qapıya dikdi. Axır ki, üz-gözündə nəinki 70 yaşdan, heç ahıl aktyordan da əsər-əlamət olmayan Vahid Əliyev də gəlib çıxdı. Özünəməxsus əda ilə “Buyurun, mənim otağıma qalxaq” deyib irəlilədi. Mənim “Bayaqdan Natiq müəllimin otağını seçmişdik, nə deyirsiz, ünvanı dəyişək” kimi qızışdırıcı sual-atmacama çarəsizlik mimikaları ilə cavab verən Natiq müəllimdən fərqli olaraq, Vahid Əliyev qəribə bir amiranəliklə “Səhnə xanım, fotoqrafa da deyərsiz mənim otağıma – 27-yə gələr” deyib nəzakətlə gülümsədi.

Əvvəldən deyim ki, qrim otağının soyuqluğuna (hazırda binada cari təmir işləri aparılır) baxmayaraq, söhbətimiz xeyli isti, səmimi və təbii alındı. Düzdü, əvvəli gülməli olsa da, arabir ağlamaları da oldu.

Beləcə, özüm üçün çoxdan möhürünü vurduğum bir təyin yenidən gün işığına çıxdı: əsl aktyor, peşəkar ifaçı səhnədə oynamalıdır. Oynayırlar da. Budəfəki qəhrəmanlarım kimi. Səhnədə daim nikbin, xoşbəxt, sevgi və sevinc nümayişçisi, Xeyirin Şər üzərində qələbəsinin tərənnümçüsü (xüsusilə uşaqlar üçün tamaşalarda) olduqları halda birsaatlıq söhbətə yaşları qədər yaşadıqları qüssə və kədər (içində peşmanlıq hissi zərrə qədər də yoxdur) hakim oldu...

Beləliklə, həmsöhbətlərim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yubilyar aktyorları – 70 yaşlı Əməkdar artist Vahid Əliyev və 60 yaşlı fədakar artist Natiq Fərzəliyevdir.

Bu təqdimatı eynilə onlarla söhbətə başlayarkən də dedim.

 

N.F. – Bax e, ay Vahid, yaxşı tapdı – fədakar artist. Neynək, qoy, bu da mənim tamaşaçının verdiyi fəxri adım olsun.

 

– Xoşunuz gəlmədisə həmişəcavan deyim.

N.F. – Ay sağ olmuş, cavanlığın qapıdan girməyi ilə bacadan qaçmağı bir oldu. Yaxşıdır, elə olsun fədakar. A balam, səhv demirsən ki, ömrüm sənətdə, səhnədə keçib. Bu saçlar teatrda ağarıb.

 

– Söhbətə qocalıqla başlamayaq, Vahid müəllimin dərdi təzələnər.

 

Yalnız bundan sonra nəzərlərini dolabına vurduğu şəkildən (söhbət boyu ölməz aktyorumuz Yusif Vəliyev dönə-dönə xatırlandı) çəkən Vahid Əliyev dilləndi:

 

V.Ə. – Əsas ürək qocalmasın, sınmasın, küsməsin.

Lap dilxor oluram. Kədərli keçidlər heç də yaxşıya işarə deyil. Soyuq otaqda dramatizm yükünü nə onlara, nə də özümə rəva görürəm. Odur ki, onları yubiley ovqatına kökləyirəm.

 

– Buyurun, deyin görək, yubileyinizi  necə keçirdiniz?

V.Ə. – Yubiley deyəndə ki, mən heç vaxt ad günü keçirməyi xoşlamamışam. Ümumən təmtəraqdan, rəsmiyyətdən xoşum gəlmir. Amma buna rəğmən bir vaxtlar valideynlərim, indi isə həyat yoldaşım həmişə ad günümü keçirib.

N.F. – Eyni xasiyyətdəyik, elə mən də. Amma ailəm, övladlarım hər ad günümü yaddaqalan etməyə çalışırlar. Yəqin istəyirlər ki, məndən nə isə yadigar qalsın.

 

– İnsan həyatda yalnız yadigarının qalması üçün yaşayır ki?

N.F. – Elə olsa, gərək bütün ömrümüzü bizdən sonrakılar üçün yaşayaq. Əslində, bu barədə mən də düşünürəm və sonradan özüm üçün izahını verirəm. Bu ad günü məsələsində isə yəqin övladlarım gələcək üçün xatirələr toplayırlar, saxlayırlar, qoruyurlar.

V.Ə. – Ümumiyyətlə, dolça bürcü çox fərqlidir. Onlar yer insanı deyillər, göy adamıdırlar. Natiq də, mən də o xüsusiyyətlərdəyik.

 

– Ay Vahid müəllim, elə aktyorlar əsasən göy insanı olurlar. Düzdür, bunu, bu dərvişliyi oynayanlar da az deyil. Amma əsl aktyor elə siz deyən kimi – göy insanıdır...

V.Ə. – Bizim taleyimizə də bu yazılıb da. Qeyri-adi, kövrək adam olmaq, üstünə də aktyorluğu gələndə, olur lap dəhşət.

 

Bu dəm qartalın qayalarda yuva salması barədə rəvayətini (yazı-pozu ilə məşğul olduğunu bilirdim) danışır və hıçqırtı ilə ağlayır. Bir az çaşıram. Az qala bildiyim bütün zarafatları ortaya töküb onun əhvalını düzəltməyə çalışıram. Məndən fərqli olaraq Natiq müəllim çox rahatdır. Sakitcə tərəf-müqabilinin (həm də) göz yaşlarının qurumasını gözləyir. Sənət dostunun çiyinlərinə qayğı ilə toxunaraq, səssiz toxtaqlıq verir. “Qartal kimi siz də insanlardan inciksiz, xəyalən göylərdə məkan qurmusuz”  zarafatımdan sonra özünü toplayıb gülümsəyir.

 

V.Ə. – Qartal Azərbaycan xalqıdır, həm də. Onun yuvasını zəbt etmişdilər və o öz qisasını aldı. İnanın, mən məhz bundan sonra yaşadığımı, nəfəs aldığımı hiss edirəm.

N.F. – Vahid, qartal həm də xalqımızın mədəniyyətidir və məncə, o mədəniyyət bütün sahələrin üstündə, daim zirvədə, daim ucalıqda olmalıdır. Yəni əlçatmazlığını saxlamalıdır.

 

– Natiq müəllim, bu mif çoxdan dağılıb e. Ümumən necə düşünürsüz, sənət kütləvidirsə, niyə əlçatmaz olmalıdır?

N.F. – Sənətin zirvəsi yoxdur, əslində. Zirvə dediyin məqama çatırsan, orada nəfəs almamış başqa bir hədəf, yüksəklik, yeni zirvə yaranır. Amma siz deyən məsələdə isə daim yüksək sənət, onun dəyərləri uca tutulmalıdır. Çünki xalqın sərvəti onun sənəti və ona münasibətidir.

V.Ə. – Televiziya verilişlərində aparıcılar məni təqdim edərkən sənətkar deyəndə qəti etiraz edirəm və deyirəm ki, sənətkar o zaman olur ki, onu çiyinlərdə o dünyaya aparırlar. Ünvanına “Allah rəhmət eləsin, yaxşı sənətkar idi” deyirlər.

 

– Vahid müəllim, bu nə maraqlı məntiqdir. İndi sənət adamı sənətkar sözünü eşitmək üçün oturub ölümünü (onda da eşidə bilməz) gözləməlidir?

V.Ə. – Bu mənim hissimdir, qənaətimdir.

 

– Başa düşürəm, öz fəlsəfəniz var. Sənətkar bir sənət sahəsi ilə peşəkar məşğul olandırsa, niyə hamıya deməliyik və ya deməməliyik?

V.Ə. – Heç nəyin sonu olmadığı kimi sənətin də, sənətkarlığın da zirvəsi, son nöqtəsi yoxdur.

N.F. – İnsan istər sənətdə, istərsə də adi həyatda iz qoymaq, ən azından rəhmət qazanmaq üçün yaşayır. Adam var ki, ömrü yaşamır, sadəcə, yola verir, aldadır, aldanır. Sənət ömrü isə qalıcı, bir az da irəli getsək, əbədi olur.

V.Ə. – Əbədiyyət nədir? Mənə görə o, söz ilə yox, əməl ilə qazanılır. Sözü əmələ keçirənlərlə, əməli ilə yaşayanlarla.

 

– Əməl bəzən sözə, söz də əmələ çevrilir.  Nəticədə əbədiyyət xülyaları ilə aldana da, aldada da bilirik.

 

V. Ə. – Razıyam, haqlısız. Yox, Natiq, hərdənbir qadınlarla razılaşmaq da lazımdır. (gülür).

N.F. – Yox, amma bizdə deyirlər ki, qadın sözünü eşit, amma əməl eləmə.

V.Ə. – Yox, Natiq, səhv fikirdir. Əgər qadının dediyindən nəticə çıxarsan, ömrünün axırınadək xoşbəxt olacaqsan. İcazənlə sənə deyim ki, səhvsən.

 

Söhbəti bir az da qızışdırıram və “Bu qadının müdrikliyinə görədir, yoxsa” sual-atmacasına keçirəm.

 

V.Ə. – Qadınlar çox vaxt kişidən bir addım irəlini görürlər.

N.F. – Vahid, hə, sən deyən olsun. Görmürsən, bir qadın bizi mübahisə üçün qızışdırır? (gülürlər).

V.Ə. – Adətən qoca Şərqdə qadına münasibət fərqlidir. Amma mən özümü, dünyanı dərk edəndən qadına əlçatmaz varlıq kimi baxıram. Anamı sevdiyimə görə həyatım boyu qadın sevgisinin müqəddəsliyinə inanmışam. Bilirsiz, mən anama görə nəinki xaricdəki yaxşı təklifi, orada qalıb işləmək perspektivini rədd etmişəm, həm də onun bəyəndiyi qızla ailə qurmuşam. Üzünü belə görmədən. Peşman da deyiləm. Nə anamın “Oğlum, sənin üçün darıxıram, geri qayıt” çağırışına cavab verməyimə görə, nə də onun seçdiyi həyat yolu ilə getdiyimə görə.

 

– Natiq müəllim, sənət adamları kövrək olduqları qədər də möhkəm iradəyə sahib olurlar. Bu mənada özünüifadə yaşa dolduqca daha çətin olur, yoxsa asan?

N.F. – Təbii ki, yaşa dolduqca. Çünki sən bütün sınaqlardan həm insan, həm də aktyor kimi rahatlıqla çıxırsan.

V.Ə. – Etiraz edirəm, əslində, çətinləşir (bu zaman Natiq müəllimin pıçıltıyla dediyi “Sən də bu gün ancaq mənə etiraz elə” sözlərinə gülməkdən özümü güclə saxlayıram – H.N.). Çünki həyatda ən çətin şey qanmazı qandırmaqdır. Səhnə, sənət də hər adamın işi deyil, qadası. Heç də hər kəs oradan çıxıb böyük zala söz deyə bilməz. Gərək nə dediyini, nə göstərdiyini əvvəl özü qana.

N.F. – Səhnə başqa, efir tam başqadır. Gərək səhnədə olan ondan bir pay hali ola, onu hiss edə, yaşaya, duya. Aktyorun böyüklüyü ondadır ki, tamaşaçıdan yüksəkdə dayana.

 

– İcazə verin, sizinlə razılaşmayım. Çünki aktyorun, rejissorun, lap elə dramaturqun işi özünü tamaşaçıdan ağıllı göstərməyə çalışanda bitir. Siz deyən o maarifçilik də mifə çevrilib...

N.F. – Düz deyirsiz, razıyam. Amma mən başqa məqamı deyirdim. Məsələn, aktyor oyununda da, tamaşaçıya münasibətində də səmimi, sərbəst və yüksək səviyyəli olmalıdır.

V.Ə. – O gün ki aktyor özünü tamaşaçıdan üstün tutdu, xudbinliyə yuvarlandı, onu diri-diri basdırmaq lazımdır. Təbii ki, mənən. Özünü dərk edən insanlar özündənrazı ola bilməzlər. Böyük sənət böyük “mən”dən başlayır və çalışıb onu qorumaq lazımdır. Mən kişilik məktəbini həyatda atamdan, sənətdə isə Yusif Vəliyevdən öyrəndim. Ona görə də...

 

Sözünü tamamlamamış yenə də ağlamağa başlayır və mən naəlac yeni gedişə başlayıram.

 

– Vahid müəllim, axı, səhərin gözü açılmamış sizi kim belə incidib ki, heyfini bizdən çıxırsız?

V.Ə. – İndi yox, amma ümumən sənətdə çox incidilmişəm. Yox, incidilmək azdı, döyülmüşəm, mənən çox döyülmüşəm.

 

Bu arada Natiq müəllim fürsət tapıb fikrini tamamlayır.

 

N.F. – Yaxşı aktyor heç vaxt özündən razı ola bilməz.

 

– Gözəl insanlar, ancaq incidib-incidilməkdən danışsaq, gərək ağlaşaq (yarızarafat dediyim bu sözlər ağzımda donsa da, ortalığa təsəlli qatıram). 60 da, 70 də böyük ömür yoludur. Maşallah, siz də həyat dolu adamlar, gəlin, bir az rollarınızdan danışaq. Vahid müəllim, sonuncu dəfə bu teatrda hansı tamaşada oynamısız?

 

V.Ə. – İnanın ki, yadımda deyil. Yadımdadır e, sadəcə, xatırlamaq istəmirəm. 

N.F. – Əsasən böyüklər üçün oynasaq da, son olaraq ötən həftə “Tıq-tıq xanım” tamaşasında oynamışam.

V.Ə. – Bu illər ərzində təkcə aktyorluqla deyil, teatrşünaslıqla da məşğul olmuşam. Natiq gözəl aktyordur, o, tipaj aktyordur. Sadəcə, bəxti onda gətirməyib ki, o, Azərbaycanda doğulub. Rusiyalı rejissorların dedikləri “Sizin rejissorlar hara baxırlar ki, sizi görmürlər?” sözləri hələ də yadımdan çıxmır. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, nə onun, nə də mənim teatrda potensialımız açılma, özümüzü ifadə edə bilmədik.

N.F. – Razıyam, bizdən istifadə olunmadı və artıq yaşa dolduq. Bunun da səbəbi, təbii ki, rejissuradadır. Belə işləyirik e, bekar deyilik, rollarımız var. Mən buradan əlavə Bakı Uşaq və Gənclər Teatrında da çalışıram. Amma aktyor kimi öz potensialımı göstərdiyim rollar olanda daha xoşbəxt, daha azad oluram.

V.Ə. – Bu teatrda irili-xırdalı 80-dən artıq rol oynamışam. Amma bu, daha çox bu teatra digər iki teatrın birləşməsindən əvvəl olub. Çox vaxt həmkarlarım mənimlə dublyor olmaqdan imtina edirdilər, bilirdilər ki, mənim oyunum əsas olacaq.

N.F. – Dublyorun olması mükəmməldir. Çünki hamımız insanıq və hər an başımıza nə isə gələ bilər. Amma gərək dublyorlar bir-birini təqlid etməsinlər, öz xarakterlərini və aktyor xırdalıqlarını orada tətbiq etsinlər. Dublyorla tamaşa həm də rəqabət, yaxşı müqayisədir, aktyorun yarışıdır. Elə aktyor var ki, uzun müddət işsiz, rolsuz qalır. Dublyorluq elə bunun üçün də vacibdir. Sadəcə, bu, bizim yox, rejissorların verdiyi qərardır.

 

Bu məqamda Vahid müəllim “Ələddinin sehrli çırağı” tamaşasındakı Cin rolundan həvəslə danışır, ona qatdığı xırdalıqları sadalayır.

 

– Gəlin, özünüzü ifadə etdiyiniz, tapdığınız rollardan danışaq.

V.Ə. – Televiziyada oynadığım “Bəxtsiz cavan” tamaşasındakı rol ilə həm tanındım, həm də sevildim. O vaxta qədər teatrda da mənə əməlli-başlı rol vermirdilər. “Bəxtsiz cavan” mənə bir gecənin içində populyarlıq gətirdi. Əslində, o rolu da çətinliklə qazandım. İnanın, ömrüm mübarizədə, döyüşdə keçdi. Çox arzularım qaldı. Kvazimodo, Kral Lir arzuları ilə gəldim 70-lə salamlaşdım.

N.F. – Eh, dərdimi təzələdiz. O qədər oynamaq həsrətində olduğum rollar var ki. Sənət müəllimim, rəhmətlik Nəsir Sadqızadə tez-tez “Aktyor üçün təhsil, savad, istedaddan əvvəl şans lazımdır” deyirdi. Haqlı idi, şansın yoxdursa, çarpışmağın mənası yoxdur.

V.Ə. – Natiqlə bu dəfə də qismən razı deyiləm. Götürək mənim timsalımda. Bir rol ilə populyarlaşdım, tanındım, şanslı olduğumu hiss etdim. Amma nəticəsi nə oldu? Mən nə onu fürsətə çevirib qapılarda, qəbullarda qalmadım, nə də sinəmə döyüb “mən-mən” demədim. Deməli, əsl sənət böyük mənlik nümayişindən başlayır və mən çoxlarının şans dediyi o minnətçi düşməyi, dilxoşluq etməyi, gözə girməyi bacarmadım. Düşündüm ki, mən işim ilə məşğulam və görüb dəyərləndirmək başqalarının işidir. Amma bəzi aktyor yoldaşlarım, mənim oyunumdan (qoy desinlər Vahid özünü öyür) nələrisə çırpışdıranlar asanlıqla fəxri adlar da alıblar...

N.F. – Əslində, sənətə fəxri ad üçün, məşhurluq üçün gəlməmişəm. Sevdiyim işimlə məşğul olmuşam, sənətə, teatra, səhnəyə heç vaxt xəyanət etməmişəm. Əmin olun, heç zaman da nə özümü, nə də sənətimi qapılar arxasında qoymamışam. Vallah, əsas xalqın sevgisi, tamaşaçının münasibətidir. Əsas teatr yaşasın, tamaşaçı onu sevsin, qorusun. Çünki teatr xalqın mədəni-mənəvi dəyəri, sərvətidir.

 

– Hər teatrın öz üslubu, yaradıcılıq dəst-xətti, oturuşmuş ənənəsi vardı. Bu, indi də belədir?

V.Ə. – Bunu məndən çox ağzına su alıb susan, gözləmə mövqeyində olan, universitetlərdə bu sahə üzrə dərs deyib çalışdıqları halda  teatrşünaslıqdan uzaq düşən teatrşünaslar deməlidirlər. Son onillikdə oynadığım tamaşalardan bir teatrşünas yazısına – təhlilinə, tənqidinə rast gəlməmişəm. Deməli, teatr heç onlara da maraqlı deyil.

N.F. – Yazırlar e, onda da müəyyən rejissorlardan, aktyorlardan yazıb, onlara tərifnamələr söyləyirlər. Vallah, demirəm e tərif etsinlər, razıyam, tənqid yazsınlar, amma bir fikir, mövqe ortaya qoysunlar. Axı, bu həm də teatrımızın tarixidir.

V.Ə. – Ona görə də son bayatımda yazmışam ki...

 

– Teatrşünaslara bayatı həsr etmisiz? (gülürük).

V.Ə. – Yox, qoy onlar hələ gözləsinlər. Bayatını həyat və sənət böhranlarında olanda yazmışam və istəyirəm elə sözümü də bununla qurtaram. Yadınızda kədərli adam kimi qalsam da. Hərçənd mən həyatsevər və zarafatcıl adamam. Amma nə etmək olar ki?!

 

Artıq söhbətin hara getdiyini və gülüşümüzün kövrək notlara köklənərək üz-gözümüzə bulaşacağını yəqin edib diqqət kəsilirik. Məndən fərqli olaraq Natiq müəllim daha hazırlıqlı görünür. Deyəsən, o, bayatının ilk dinləyisici deyil və mütləq bu söhbət deyişmə ilə bitəcək.

Benefis-tamaşada son monoloqunu deyirmiş kimi qəddini düzəldib, üz-gözünü obraza salan Vahid müəllim titrək səsi ilə bayatısını (ağrısını) dilə gətirir:

 

Qaranlıqdan çıxdım günə,
Günü gördüm, gün görmədim.
Nahaq görüm, haqqı gəzdim.
Nahaq gəzdim, haqq görmədim...

– Təəssüf ki, əla. Deməli, Vahid müəllimlə bu söhbətin taleyinə nisgil yazılıbmış, hə, Natiq müəllim? Odur ki, gəlin, heç olmasa, sizinlə 61 yaşınıza nikbin girək.

N.F. – Nikbin? Niyə aldadım sizi də, tamaşaçıları da. Yox, elə mən də onun bayatısına bir bənd şeirlə cavab verəcəm. Söhbətin əl-qolunu “bağlamaq” sizlikdir.

Haqq üzülüb, ədalət də azalıb.
Mərdin qismətinə namərd yazılıb.
Bu dünyanın kişiləri azalıb,
Baş götürüb o dünyaya gedirəm.

 

Vəssalam. Bu da plan-proqramını başqa cür cızdığım komik-teatral söhbətin poetik-dramatik sonu...

Həmidə Nizamiqızı