Bakı Xoreoqrafiya Akademiyasında (BXA) XV Delfi Oyunlarında iştirak etmiş tələbələrə diplomların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
MDB-yə üzv olan ölkələrin gənclərinin 2021-ci il dekabrın 7-dən 10-dək Moskvada keçirilən XV Delfi Oyunlarında BXA iki nominasiya – milli rəqs və modern rəqs (10-14, 14-22 yaş) üzrə təmsil olunub.
Diplomların təqdim edilməsi mərasimində BXA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, prorektorlar – Xalq artisti Təranə Muradova, dosent Yeganə Tapdıqova, BXA-nın tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev və tələbə-müəllim heyəti iştirak edib.
Diqqətə çatdırılıb ki, XV Delfi Oyunlarında BXA-nın müəllimi, Xalq artisti Yusif Qasımovun quruluşunda 18 nəfərdən ibarət “Bakının ulduzları” rəqs ansamblı 14-22 yaş kateqoriyasında milli rəqs nominasiyasında “Cəngi” və “Cıdır düzü”, müəllim-xoreoqraf Pərvin Nəcəfovanın quruluşunda 8 nəfərdən ibarət “Əks etmə” kollektivi 10-14 yaş üzrə modern rəqs nominasiyasında “Hərbi vəziyyət”, “Fikirlər” rəqs nömrələri ilə çıxış ediblər. Hər iki kollektiv IV yerə layiq görülüb.
Akademiyanın rəhbərliyi tərəfindən tələbə və müəllimlərə diplomlar təqdim edilib, kollektivə yeni-yeni uğurlar arzulanıb.
MDB ölkələri gənclərinin XV Delfi Oyunları 10 nominasiya (fortepiano, skripka, akademik oxuma, solo xalq mahnısı, estrada oxuma, xalq rəqsi, müasir rəqs, sirk sənəti, xalq çalğı alətləri, nəfəs alətləri) üzrə keçirilib. İştirakçılar 27 dəst mükafat uğrunda yarışıb.