72-ci Berlin Film Festivalının (Berlinale) qalibləri elan olunub. Festival 10-20 fevral tarixində keçirilsə də, mükafatçıların adları fevralın 16-da axşam açıqlanıb. Qalan dörd gündə festival filmlərinin nümayişi Berlin kinoteatrlarında davam edəcək. Təşkilatçılar pandemiya şərtlərini nəzərə alaraq belə yayğın qrafik tərtib ediblər.

Beləliklə, amerikalı rejissor M.Night Şimalanın (Shymalan) rəhbərlik etdiyi beynəlxalq münsiflər heyətinin qərarı ilə 72-ci “Berlinale”nin baş mükafatı – “Qızıl ayı” ispaniyalı rejissor Karla Simonun “Alkarras” filminə verilib. Film Kataloniyanın cənubunda meyvəçiliklə məşğul olan və buradan köçürülmək təhlükəsi ilə üzləşən ailədən bəhs edir.

“Berlinale”nin ikinci mükafatı sayılan “Böyük  jüri mükafatı”na Cənubi Koreya rejissoru Honq Sanq-Su “Romançının filmi”nə görə layiq görülüb. “Gümüş ayı” mükafatını isə meksikalı Natalia Lopez Gallardonun “Dövlət paltarı” bədii filmi qazanıb. Fransız Kler Denis “Sevənlər amansız ola bilir” filminə görə “ən yaxşı rejissor” nominasiyasında qalib olub.

“Ən yaxşı aktrisa” kateqoriyasında alman rejissor Andreas Drezenin “Rəbiyyə Kurnaz Corc Buşa qarşı” filmində rol alan türk əsilli Meltem Kaptan təltif olunub. Türkiyəli evdar qadın Rəbiyyə Kurnazın oğlu Muratın Quantanamo həbsxanasından azadlığa çıxması uğrunda mübarizəsindən bəhs edən film “Ən yaxşı ssenari” (müəllif Laila Stieler) nominasiyasında da “Gümüş ayı” mükafatını alıb.