Dövlət Turizm Agentliyi (DTA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində Azərbaycanın müxtəlif regionlarından seçilən turizm işçiləri Türkiyənin Antalya şəhərində təlim proqramına qatılacaqlar. Fevralın 21-də treninq proqramının təqdimat tədbiri keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iki ölkə arasında turizm sahəsində bir çox uğurlu işlərin həyata keçirildiyini vurğulayaraq yeni layihənin də bu əlaqələrin genişlənməsi və təcrübə mübadiləsinə töhfə verəcəyini deyib. O, DTA ilə birlikdə gələcəkdə bu formatlı proqramların təşkilində maraqlı olduqlarını bildirib.
Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov bu cür layihələrin iki ölkənin turizm təhsili sahəsində yeni təcrübələrin əldə olunmasına, peşəkarlığın artmasına zəmin yaradacağını, Türkiyənin turizm sahəsində malik olduğu zəngin təcrübədən ölkəmizin də faydalanmaq istədiyini deyib.
Qeyd edək ki, treninq üçün iştirakçılar Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Qarabağ iqtisadi rayonları üzrə hotel işçiləri, eləcə də turizm peşə təlimi sahəsində fəaliyyət göstərən qurumlarda çalışan təlimçi və mütəxəssislər arasından seçilib.
İki mərhələdən ibarət layihənin “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı fevralın 21-dən 25-dək Bakıda, “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramı isə martın 14-dən 25-dək Antalyada keçiriləcək. İlk mərhələdə 35 iştirakçıdan təlimi uğurla başa vuran 14 nəfər layihənin ikinci mərhələsinə qatılacaq.