Vaqif Mustafayev bir neçə filminin operatoru olmuş Lomer Axvlediani ilə bağlı xatirələrini bölüşdü

 

Xalq artisti, rejissor Vaqif Mustafayevlə bir neçə filmdə çalışmış Gürcüstan Kinematoqrafçılar İttifaqının katibi, məşhur kinooperator Lomer Axvlediani 88 yaşında dünyasını dəyişib. Vaqif Mustafayevlə “Azərbaycanfilm”də görüşüb sıx əməkdaşlıq etdiyi kino xadimi ilə bağlı fikir və xatirələrini dinlədik.

– Mənim, ümumiyyətlə, Gürcüstan kino xadimləri ilə sıx əlaqələrim var. “Yaramaz” filmində (1988) aktyor Mamuka Kikaleyşvili ilə çalışırdım. Mamuka o zaman rejissor Reza Çxeidzenin “Don Kixot və Sançonun həyatı” filmində çəkilirdi və həmin filmin operatoru Lomer Axvlediani idi. Həmin il tanış olduq və sonra ulu öndər Heydər Əliyev haqqında dörd sənədli filmi Lomer Axvlediani ilə birlikdə çəkdik. Daha sonra “Milli bomba” bədii filminin bir hissəsini də onunla işlədik. Lomer Axvlediani təkcə Gürcüstan miqyasında deyil, dünya miqyaslı operator idi. Mərd, çox istedadlı və yüksək insani keyfiyyətlərə malik idi. 

 

– Sənətinin özəlliyi nədə idi?

– Ümumiyyətlə, onun çəkdiyi təsvirlər çox yüksək səviyyədə idi. Rəngləri, işıq və kölgəni yaxşı duyurdu. Onun işini poetik kino istiqamətinə aid etmək olar. O, komediya filmlərini də peşəkarcasına duyurdu. Çəkdiyi ekran əsərlərindən biri də məşhur “Küp” filmidir. Yumor hissi yüksək idi. Maraqlı əhvalat, lətifələr danışardı. Adətən operatorlar azdanışan olurlar. O isə bu cəhətdən kasad deyildi...

 

– Azərbaycanlı operatorlar sizinlə çalışdığı vaxtlarda ondan nələrsə öyrənə bildilər?

– O, Azərbaycana gələndən sonra bu sahədə hər kəslə dost oldu. Bəziləri ilə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda birlikdə oxumuşdu. Kino xadimlərinin bir çoxunu yaxşı tanıyırdı. Gəldi və yaxşı dostluq əlaqələri yaratdı.

 

– Gürcü kinematoqraflarla əməkdaşlığınızın xüsusi bir səbəbi varmı?

– Kino incəsənətin beynəlxalq növüdür. Tarixən italyanlar fransızlarla, fransızlar italyanlarla birgə film çəkirdilər. Əsas keyfiyyətdir. Mənim Lomerlə birgə çalışdığım filmləri təsvir etibarilə keyfiyyətli filmlər adlandırmaq olar.

***

Qeyd edək ki, Lomer Axvlediani 1934-cü il oktyabrın 2-də Tbilisidə anadan olub. 1957-ci ildən “Gürcüstanfilm”də operator işləyib. 1978-ci ildə Qahirə Beynəlxalq Film Festivalının xüsusi mükafatına layiq görülüb. “Küp”, “Satrfo üçün zinət əşyaları”, “Salxineti bəlası”, “Payız günəşi”, “Doğma yurdum”, “Milad ağacı”, “Samanişvilinin ögey anası”, “Don Kixot və Sançonun həyatı”, “Besame”, “Ekspress informasiya” və s. filmlərdə operator kimi çalışıb.

L.Azəri