Xalq artisti Elnarə Kərimova: “Pandemiya şərtləri ilə kollektivimizin Bakıya gəlməsi bir möcüzə oldu”

 

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən il başlanan “Mədəni yenilənmə” layihəsi bu il də davam edir. Xəbər verdiyimiz kimi, layihənin növbəti qonağı TRT-nin Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimovadır. Fevralın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında sənətkarın səhnə fəaliyyətinin 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim edildi. Fevralın 17-də isə YARAT Müasir İncəsənət Məkanında Xalq artistinin ustad dərsi təşkil olundu...

 

Səs və emosiyaların açılan sirri

 

Saat 12:00-ı göstərir. YARAT-ın binasındayıq. Elnarə xanım və rəhbərlik etdiyi xorun üzvləri məkandadır. Sənətkar ilk növbədə ətrafa göz gəzdirir. Ustad dərsinin daha uyğun formatda keçirilməsi, xorun rahat yerləşməsi və iştirakçıların da eyni zamanda rahat izləməsi üçün əvvəlcədən qurulmuş zalın tərtibatında bəzi dəyişikliklər edir. Bu həm də onun məsuliyyətindən xəbər verir.

Beləliklə, ustad dərsi başlanır. Bu görüşü bəlkə də dərs yox, elə sözün əsl mənasında, ustad sənətinin təqdimatı adlandırmaq düzgün olardı. Heç bir yorucu an yaşatmadan, maraqlı ifa, mühazirə və eyni zamanda açıqlamalarla müşayiət olunan bu təqdimatı hər kəs böyük maraqla dinləyir və izləyirdi. Amma bu qədər maraqlı dərsin dinləyiciləri yetərincə deyildi ki, bunu da qeyd etmədən keçmək istəmirik.

Sevgi, musiqi, xor və peşəkarlığın bir araya gəldiyi dərsdə ilk olaraq C.Rossininin “Sevilya bərbəri” operasından uvertüradan kiçik hissələr təqdim edildi. Bəs bu məqamlarda iştirakçılar nələr öyrəndi? İlk növbədə hərəkətlərin sərbəstliyi, aydınlığı, xorun idarə olunmasında mimikanın rolu, ifadəli icra və bədii obrazın yaranması. Özəllik həm də onda idi ki, Elnarə xanım bütün bunları sözlə demirdi. Xorun üzvləri ifaları və hər ifaya hazırlıqları zamanı bunu nümayiş etdirirdilər.

Dirijor ifaçıların yadına səsin xarakterini salır və bu yadasalmalar kollektivlə boğaz və burun, notların eniş-yoxuşu ilə çox pozitiv ruhda razılaşdırılır. Hər bir solist üçün daha rahat və təbii vəziyyət yaranır. Bütün bu vəziyyətlərin əsasında isə, məncə, ritm dayanırdı. Bariton, tenor, soprano səslər bir-birini əvəzlədikcə biz xorun ifasında rəngarəng bir mənzərəyə şahidlik edirdik: türk xalq musiqiləri, Azərbaycan xalq mahnıları, klassik əsərlər. Həm sürətli, həm də asta templərin son həddini dəqiq hiss etmək və anlamaq, tonallığı necə yüksəltmək və necə sonlandırmaq – bütün bunlar musiqinin emosional təsirinin sirrini iştirakçılara açırdı.

 

“Əlimizdən gələni edirik ki, kollektiv xoş əhvalda olsun...”

 

Ustad dərsindən sonra Elnarə Kərimova vaxt azlığına rəğmən suallarımızı cavablandırdı.

 

– Yaddaqalan ustad dərsinə görə təşəkkür edirəm. Filarmoniyadakı konsertinizlə bağlı təəssüratınızı öyrənmək istərdim.

– Bizim üçün çox məsuliyyətli bir konsert idi. Pandemiya şərtləri ilə kollektivimizin Bakıya gəlməsi bir möcüzə oldu. Buna görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Səfərimiz bu yeni layihə çərçivəsində reallaşdı. Bilirsiniz ki, bizim xor kollektivinin tam heyətini gətirə bilmədik. 17 nəfərlə gəldik. Bu səbəbdən də həyəcan yaşayırdıq ki, necə keçəcək, necə alınacaq. Salonda tamaşaçıların bizi isti qarşılaması, təbii ki, xoş aura yaratdı və çox məmnun qaldıq. “Mədəniyyət” kanalı konserti lentə aldı.

 

– 1992-ci ildən qardaş Türkiyədə yaradıcı fəaliyyətlə məşğulsunuz. Oradan baxanda Azərbaycan xoru necə görünür?

– Çox gözəl. Gənc simalar və kollektiv görürəm. Biz dahi Qara Qarayevin  “Dəniz neftçilərinin mahnısı”nı “Zəfər marşı”na işlənmiş variantda Azərbaycan Dövlət Xor Kapellası ilə birlikdə ifa etdik. Mükəmməl bir çalışma idi və kollektiv güclü səslərdən ibarətdir.

 

– Çalışdığınız kollektivdə çox pozitiv bir enerji gördük. Bir az da onlar haqqında danışaq.

– Xor musiqisi həm çətin, həm də asandır. Pozitiv enerji xorda əsas şərtdir. Əgər kollektivdə kimsə qəmgin, kədərli olarsa, onun səsi də, əhvalı da təsirsiz ötüşmür. İnsan nə zaman mahnı söyləyər, əlbəttə ki, xoşbəxt olanda. Biz əlimizdən gələni edirik ki, kollektiv xoş əhvalda olsun. Bu, mütləq ifa olunacaq əsərdə də özünü büruzə verir.

 

– Ustad dərsinizi izləyərkən maraqlı bir məqam da diqqətimi çəkdi. Sizin çox gözəl vokal imkanlarınız var. Nə vaxtsa solo ifa düşünmüsünüzmü?

– Əvvəl onu deyim ki, biz çox gözəl təhsil almışıq. Asəf Zeynallı adına Musiqi Kollecində oxuduğum illərdə unudulmaz bəstəkarımız Vasif Adıgözəlov bizim direktor idi. Burada müəllimlərim Anna Listenqard, Leonid Vaynşteyndən dərs aldıq. Kollecdən sonra indiki Bakı Musiqi Akademiyası, o zamankı konservatoriyada bəstəkarlıq təhsili aldım. İndi sizə müəllimlərimin adını sadalayım, necə ki, bu adlar mənim sənət yolumda şansım idilər: Cövdət Hacıyev (bəstəkarlıq), Fərəc Qarayev (polifoniya), Aqşin Əlizadə və Arif Məlikov (orkestr işi), Cahangir Cahangirov (xor işləməsi), Firəngiz Əlizadə (müasir musiqi). Necə deyərlər, bu adlardan keçib gəldim. Atam da tenor səsli idi. Əmim – Əməkdar artist, opera müğənnisi Kamal Kərimov konservatoriyanın Vokal kafedrasına rəhbərlik edib. Səs bizdə ailədən gəlir. Anamın da gözəl səsi var idi. Amma o, hüquqşünas idi. Solo ifaya gəlincə, bəlkə nə vaxtsa xor kollektivimlə birlikdə nə isə hazırlayarıq. Amma heç düşünməmişəm, düzü. Onu da qeyd edim ki, Xor dirijorluğu fakültəsində bir şərt var. Əgər yaxşı bir xormeyster olmaq istəyirsənsə, təbii ki, öncə onu səsinlə nümayiş etdirməlisən. Çünki səs olmasa, anlatmaq çox çətin olur. Bəzən səs olmadan da olur. Amma səsin olması sənətdə müsbət cəhətlərdən biridir. Kollektivə belə oxumalısan, deyə göstəriş veririksə, əvvəl onun örnəyini ortaya qoymalıyıq. Bu onlar üçün daha asan olur.

 

– Bir dəfə Milli Konservatoriyada xor konsertinə getmişdim. Rektor Siyavuş Kərimi zarafatla dedi ki, bizdə kollektiv oyunlar alınmır. Futboldur, xordur – bir az çətin işdir...

– Siyavuş müəllim çox peşəkar bir musiqiçidir. Onun dünyanın tanınmış xor kollektivləri ilə əməkdaşlığı olub və böyük maraqla qarşılanıb. O özü peşəkar olduğu üçün hər zaman mükəmməllik istəyir və haqlıdır da. Bir məsələni deyim ki, Baltikyanı ölkələrdə, həmçinin Almaniyada ən kiçik yaşlardan xor ənənədir. Amma bizdə nə var? Bizdə daha möhtəşəm olan təksəsli muğam var. Xor, təbii ki, lazımdır və zənginliyi danılmaz. Xorun inkişafı isə dirijordan asılıdır. Ustad dərsində də şahidi oldunuz. İştirakçılardan iki qız gəlib xora qoşuldu. Halbuki biri heç musiqiçi deyildi. Amma qısa zamanda adaptasiya oldular. Sıraya qoşuldu, tez anladı və ifaya başladı. Burada dirijorun yanaşması çox vacibdir. Xalqımız istedadlıdır. Əlbəttə ki, belə də olmalı idi...

 

– Bir qədər də Türkiyədəki fəaliyyətinizdən danışın. Orada xor sənətinin inkişafı necədir?

– Mən 30 il əvvəl Azərbaycan Xor Kapellasının bədii rəhbəri idim. Türkiyədən dəvət alanda 2 aylıq getməli idim. Hər işin bir qisməti var. İki aylıq gedib 30 il qalmalı oldum. Türkiyədəki kollektivimiz – TRT-nin Ankara Radiosu xoru 1970-ci ildə yaradılıb. Ölkənin ilk peşəkar xor kollektividir. Biz ənənələrini davam etdirməyə çalışırıq. Türkiyədə potensial çox böyükdür. Orada səs çoxdur və xoru yığmaq çox asandır. Amma yenə də rəhbər azdır. Orada təhsildə xor dirijorluğu bölümü yoxdur. Bu səbəbdən də biz orada bu qədər ili qalmalı olduq.

 

– Qarşıdakı yaradıcılıq planlarınızda nələr var?

– İndilik əsas planımız və arzumuz “Zəfər marşı”nı xorla Qarabağda səsləndirməkdir.

 

– Uğur arzulayıram.

– Biz təşəkkür edirik ki, sənətimizi dəyərləndirib reportaj edirsiniz.

Lalə Azəri