Bəlkə xüsusi simvollara inanmaq, həqiqətən də, uğur gətirir? Çünki düz iki il əvvəl, 2020-ci ilin 20 fevralında Heydər Əliyev Sarayında təşkil edilən “Shanson cover band” qrupunun konsertini dinləyən musiqisevərlər hələ də onu xoş təəssüratla xatırlayırlar.
Pandemiyadan öncə bu məkanda gerçəkləşmiş son konsertlərdən biri kimi yaddaşlara yazılan həmin musiqi axşamından düz iki il sonra, özü də diqqətçəkən tarixdə – 22.02.2022-də saat 20:00-da musiqisevərlər yenə Heydər Əliyev Sarayında şanson gecəsinə yığışmışdılar.
Beynəlxalq müsabiqələr laureatı Cəlal Abbasov “Shanson cover band” ansamblı ilə səhnədə idi. Proqram başlanarkən səslənən sürəkli alqış konsertin səbirsizliklə gözlənildiyindən xəbər verirdi...
Qeyd edək ki, ansamblın bədii rəhbəri, pianoçu Nizami Əliyev və ifaçı Cəlal Abbasovun repertuar seçimində zövq və düşüncələri tam olaraq auditoriyaya hesablanmışdı. Xalq mahnılarımız, milli rəqs musiqilərimizə yeni yanaşma böyük maraqla qarşılandı.
Sözləri nəğməkar şair İslam Səfərliyə, musiqisi Cahangir Cahangirova aid “Zərif gülüşlüm” mahnısında “Gəl sevək vətənim Azərbaycanı” nəqəratını tamaşaçılar müğənni ilə birlikdə oxudular. “Şalaxo” rəqsi isə hətta musiqimizin tanınan simalarını belə ayağa qaldırıb rəqsə qoşmuşdu. Paytaxtımızın multikultural ab-havasını əks etdirən gecədə gürcü, yəhudi və digər xalqların mahnıları bir-birini əvəz edirdi. Rok, pop, caz və milli ritmlərdə təqdim olunan proqram, yəqin ki, hələ uzun müddət tamaşaçıların ovqatına xoş əhval bəxş edəcək...
Konsert bitmişdi. Bütün zal ayaq üstə daha bir mahnının ifa ediləcəyinə ümid bəsləyirdi. Amma bunun üçün növbəti konserti gözləmək lazım gələcək. Çünki nəzərdə tutulan vaxt tamamlanmışdı. 20:00-da başlanan konsert 22:00-da 22 mahnı ilə başa çatmışdı.
Müğənni Cəlal Abbasov konsertdən sonra düşüncələrini bizimlə bölüşdü: “Çox şadam ki, insanlar maraq göstərib gəldilər. Konsertin, ümumilikdə zalın əhval-ruhiyyəsi əmin edir ki, biz əbəs yerə çalışmırıq. Belə bir vəziyyətdə, yəni bütün dünyada və ölkəmizdə pandemiya ilə mübarizə şəraitində insanların şən əhvalda olması gələcəyə ümid verir. Bu, mənim solo olaraq dördüncü, “Shanson cover band” ansamblımla isə ikinci konsertim idi. Əməyi keçən hər kəsə, xüsusilə də Heydər Əliyev Sarayının rəhbərliyinə və kollektivinə yaratdığı şəraitə görə təşəkkür edirəm...”.
Lalə Azəri