XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan görkəmli yazıçılardan biri də Əzizə Cəfərzadədir. O, həm yazıçı, həm də alim - folklor və ədəbiyyat tariximizin yorulmaz tədqiqatçısı idi.
   
   Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. İkiillik Müəllimlər İnstitutunu, sonra isə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
   Ədəbi yaradıcılığa gənc yaşlarında başlayıb. Maraqlı əsərləri ilə tariximizin müxtəlif mərhələlərinin bədii mənzərələrini yaradıb. Eyni zamanda müasir gəncliyin həyatından bəhs edən povest və hekayələr də yazıb. "Əzrayıl" adlı ilk hekayəsi 1937-ci ildə "Ədəbiyyat" qəzetində dərc edilib. Əsərləri əsasən tarixi roman janrındadır. S.Ə.Şirvaniyə həsr olunmuş "Aləmdə səsim var mənim", Nişat Şirvanidən bəhs edən "Vətənə qayıt", M.Ə.Sabirlə A.Səhhətin dostluğundan danışan "Yad et məni" romanlarından ibarət trilogiyanın, "Natəvan haqqında hekayələr", "Ağlar-güləyən Sabir", "Bakı-1501", "Bir səsin faciəsi", "Zərrintac-Tahirə", "İşığa doğru", "Rübabə-sultanım", "Xəzərin göz yaşları" kimi roman və povestləri əsl sənət nümunələridir.
   Onun tədqiqatçı alim kimi təqdirəlayiq xidmətləri də olub. "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, "XlX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib: "Fatma xanım Kəminə", "Könül çırpıntıları", iki cilddən ibarət "Azərbaycanın aşıq və şair qadınları", "Şirvanın üç şairi", Abdulla Padarlının "Seçilmiş əsərləri" və s. O, folklorumuzun vurğunu olub. "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları maraqla oxunur. 100-dən çox elmi məqalənin, bir neçə monoqrafiya və dərsliyin müəllifidir.
   Əzizə Cəfərzadə həm də qayğıkeş bir müəllim ömrü yaşayıb. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1974-cü ildən isə indiki Bakı Dövlət Universitetinin professoru vəzifəsində çalışıb. Filologiya elminin sirlərini gənclərə həvəslə öyrədib.
   Dövlət Televiziyasında "Klassik irsimizdən", "Aşıq Pəri" və s. çoxsaylı proqramların müəllifi və aparıcısı olub. Radioda Cənubu Azərbaycan redaksiyasında, "Ana" radio jurnalında uzun illər çalışıb və ədəbi irsimizi təbliğ edib. 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. 2003-cü il sentyabrın 4-də vəfat edib.
   
   Savalan Fərəcov