Belçikanın paytaxtı Brüsseldəki “Flaje” konsert zalında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xatirə konserti keçirilib.
Azərbaycanın Belçikadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə müxtəlif ölkələrin diplomatları, Avropa İttifaqı qurumlarında çalışan rəsmilər, ölkənin incəsənət, media və tədqiqat mərkəzlərinin nümayəndələri, Belçika, Niderland və Lüksemburqdakı azərbaycanlı icmalarının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu faciənin Azərbaycan xalqının tarixində ən dəhşətli səhifə olduğunu qeyd edib. Diplomat 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etdiyini bildirib, hazırda bu torpaqlarda aparılan bərpa işlərindən danışıb.
Sonra konsert proqramı təqdim edilib. Avropanın müxtəlif ölkələrində yaşayan gənc soydaşlarımız Nərmin Nəcəfli (piano), Ağarəhim Quliyev (fleyta) və Əzizə Salahova (skripka) Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.