Zəfər Atakan: «Burada ovçuluq turizmini də inkişaf etdirmək olar»
  
   Azərbaycanın özünəməxsus turizm məkanlarından biri də Lənkərandır. Təbii gözəllikləri, turizm üçün əlverişli şəraiti ilə seçilən bölgədə yeni istirahət mərkəzləri, müasir hotellər istifadəyə verilir.
  
   Bu günlərdə Lənkəran şəhərində açılan ilk beşulduzlu «Palmalife Lenkaran Resort» hoteli də rayona turizmin inkişafına mühüm töhfədir. Hotelin baş direktoru Zəfər Atakan 32 ildir ki, turizm sahəsində çalışır. Bizimlə söhbətində o, bu sahədəki təcrübəsindən, hotelin fəaliyyətindən, Lənkəranın turizm imkanlarından danışdı.
   - Mən bundan əvvəl Naxçıvanda turizm sahəsində çalışmışam. Azərbaycanda olduğum müddətdə müşahidələrimə əsasən deyə bilərəm ki, ölkəyə xarici turistlərin marağı ilbəil artır. Azərbaycanın böyük turizm potensialı var. Mədəni, tarixi sərvətləri xüsusilə qeyd etmək istəyirəm. Uzun illər Almaniyada yaşayan və çalışan bir şəxs olaraq deyirəm ki, Azərbaycanın turizm üçün cəlbedici olan təbii sərvətlərinin təbliği çox mühüm məsələdir. Hələ ötən əsrin əvvəlində Naftalanda çıxan müalicəvi neftin Almaniyada dərman olaraq satılmasını yada salmaq lazımdır. Yəni Azərbaycanın turizm məhsulu kimi dünyaya çıxaracağı bir çox sərvətləri var.
   Lənkəran subtropik iqlimi ilə çox maraqlı bölgədir. Bir tərəfdə dəniz, digər tərəfdə meşələr, dağlar görürsən. Xəzər dənizinin sahilboyu ən təmiz yerləri Lənkərana düşən hissəsidir. Rayondakı istisu bulaqlarını qeyd etmək lazımdır, bu müalicəvi sular bir çox xəstəliklərə dərmandır. Bu sahəyə sərmayə qoyulsa, əlverişli turizm məkanları yaratmaq olar. Lənkəranda ovçuluq turizmini də inkişaf etdirmək olar. Biz ovçuluğu sevən insanlar üçün turpaketlər hazırlayırıq.
   - Türkiyədə uzun illər turizm sahəsində çalışan şəxs kimi ölkənizin bu sahədə təcrübəsinin Azərbaycan üçün önəmli məqamlarını necə xarakterizə edərdiniz?
   - Turistlər Türkiyəyə gəlməyə başladığı vaxt heç kim Antalyanın, digər bölgələrimizin bugünkü yüksəlişə çata biləcəyini düşünmürdü. O vaxtlar şərait bərbad idi. Yol, kanalizasiya sistemi, rabitə sistemi çox zəif idi. İndi isə Antalyanın 3 hava limanı var. İnfrastruktur problemi yoxdur. Bütün bunlara 30 ildə nail olunub.
   Ölkənizin hazırkı inkişafına nəzərən belə yüksəlişin daha tez əldə olunacağını düşünürəm. Azərbaycanın 10-15 il içində buna nail olacağına inanıram. Çünki bu gün hər şeyi əldə etmək daha asandır. İnternetlə hər yerlə əlaqə saxlaya bilirsiniz. Dövlətin bu sahəyə diqqəti var. Bütün bunlar işi çox asanlaşdırır. Onu da deyim ki, turizm sahəsində nəqliyyat imkanlarının əlverişli olması çox önəmlidir. Azərbaycanda bu sahədə problemlər var və onların çözümü üçün işlər görülür. Mən «Skal» beynəlxalq turizm təşkilatının Bakı klubunun da üzvüyəm. Klub üzvləri ilə görüşlərdə bu barədə danışıqlarımız olur. Turizm İnstitutunun məzunları barədə məlumat aldım. Sizdə 4 illik təhsil müddətində iş təcrübəsinə göndərilmə var, amma məcburi deyil. Almaniya və Türkiyədə isə hər üç aylıq yay tətili müddətində tələbələr məcburən hotellərdə çalışmalıdırlar. Çalışmasalar, o ilki təhsilləri sayılmır. Bunun bir çox faydası var. Onlar bu təcrübəni keçməklə həyatın, işin nə olduğunu öyrənirlər. Hotelçilik, turizm onlara çətin gəlirsə, birinci ildən təhsili dəyişirlər. Beləliklə yalnız bu sahəni sevənlər məzun olurlar.
   «Palmalife Lenkaran Resort» hotelində çalışanların heç biri turizm təhsilli deyil. Biz burada hər gün hotel işçilərinə ən kiçik xidmətləri öyrədir, onlara zəruri kitablar veririk ki, oxusunlar. Onların hotelçilik təcrübəsi yoxdur, lakin inanıram ki, qısa bir vaxtda peşəkar olacaqlar.
   - «Palmalife Lenkaran Resort» hoteli hansı xidmətlərinə görə fərqlənir? Hotelin ərsəyə gəlməsinə nə qədər sərmayə sərf olunub?
   - Əvvəlcə onu deyim ki, bu hoteli yaratmaqla Cənub regionunun turizminin inkişafı üçün böyük addım atmış oluruq. «Palmali” şirkətlər qrupunun bu hoteli qurmaqda əsas məqsədi də budur. Cənub mirvarisi sayıla biləcək bir hoteldir, üstünlükləri çoxdur. Xidmət sahəsində problemlər bütün ölkədə olduğu kimi bizdə də var. Bu aydındır. Amma onu deyə bilərəm ki, Lənkəranda ilk dəfə bu hoteldə belə böyük hovuz yaradılıb. Ailələr uşaqları ilə hotelə gəldikləri zaman həm özləri, həm də uşaqları hovuzda üzürlər. Ailələr dənizdən çox buranın hovuzuna üstünlük verirlər. Yeniliklərlə turizmin inkişafına bir addım atmış oluruq. Düşünürük ki, çox uğurlu bir addım atmışıq.
   Hotelin inşasına 3 milyon manata yaxın vəsait xərclənib. Bu bölgə üçün bu qədər vəsaiti sərf etməklə bağlı qərar vermək asan deyildi. Çünki yatırımın geri dönüş zamanı çox uzundur. Amma əsas məqsədimiz turizmin inkişafına xidmət etməkdir. Burada 36 nəfər çalışır. Hoteli idarə etmək 36 ailənin dolanışığını təmin etmək, xarici qonaqları bura gətirmək, mədəniyyətlərin bir-biri ilə qaynayıb qarışmasına səbəb olmaq deməkdir. Vəsaitin geri dönüşünə gəlincə, hotelçilikdə orta hesabla 15-20 ilə yatırımın geri dönüşü planlaşdırılır. Mən ilk vaxtlar düşünürdüm ki, bizi heç kim tanımır və kimsə gəlməyəcək. Amma tam əksinə oldu. Bir çoxları artıq bu hoteli seçməyə başlayıb. Hovuz kənarında əyləncə və digər görüntülər insanları cəlb edir. 20 gün ərzində artıq otaqların yarısının dolu olduğunu görürük. Müştəri çox olduğu halda qiymətləri artırmaq fikrimiz yoxdur. Onu da deyim ki, hotelimiz ötən ay lisenziya alıb.
   - Bu hoteldə bir günlük istirahət qiyməti necə müəyyən olunub və bura hansı xidmətlər daxildir?
   - Qiymət baxımından digər hotellərdən fərqimiz yoxdur. Biz ilk gündən xidmət səviyyəsinin daha yaxşı olmasını qarşımıza məqsəd qoyduq. İstər dizayn, istər istifadə etdiyimiz ləvazimatlar daha möhtəşəmdir. Amma qiyməti yüksək etmədik. Əsas odur ki, insanlar gəlsinlər, bizim təqdim etdiyimiz xidməti görsünlər.
   Qış aylarına doğru ov səfərinə çıxanlar gəlib burada rahatlıqla qonaq ola biləcəklər. Həmçinin hoteli paketlərlə də tanıtmağı düşünürük. Qiymət bir nəfər üçün bir gecə 50 manatdır. Buraya səhər yeməyi, hovuzdan istifadə, sahilə giriş, trenajor, uşaq oyun meydançası və uşaq oyun otağı xidmətləri də daxildir. İki nəfər bir otaqda qalırsa, 80 manat ödəməlidir.
  
   Gülər Nizamiqızı