2015-ci ildə onun haqqında qələmə aldığım kitabı belə adlandırdım: “Bizim ustad”. Doğrudan da, o, əsl ustad idi. Sənətkarlığın, insanlığın, vətəndaşlığın, şəxsiyyətliliyin bütün gözəl keyfiyyətləri onun varlığında, ruhunda cəmləşmişdi. Tanrı bütün yaxşı nə varsa, ondan əsirgəməmişdi. Bir sözlə, hər mənada örnək idi. Odur ki, həmişə onun barəsində sevə-sevə məqalələr yazıb, verilişlər hazırlamışam. İndi isə hərfləri isladan göz yaşlarımla ürəyimdəki xatirələri sözə gətirməyə çalışıram. Nə qədər çətin olsa da, özümü toparlayıb yazmaq, düşüncələrimi sənətsevərlə bölüşmək istəyirəm. Axı, o, hamının sevimlisi idi. Bu yerdə ustadın öz misraları düşür yadıma:
Xalqı mən sevdiyim üçün, məni xalqım da sevir,
Ruhlandırır, qiymət verir, elə bil simuzərəm.
Əlibabayam, deyirəm mən də ürək sözlərimi,
Qoy öləndən sonra xalqım deməsin bisəmərəm.
Bəli, xalqını sevən və xalqın sevimlisi ustad Əlibaba Məmmədov öz zəngin yaradıcılığı və səmərəli fəaliyyəti ilə əsil vətəndaşlıq zirvəsinə ucaldı. O, bu zirvəyə addım-addım, pillə-pillə yetişmişdi. Qazandığı biliklər, nail olduğu uğurlar böyük zəhmətin bəhrəsi idi. Bir ömürdə neçə ömrün yükünü daşıdı. 70 il xanəndəlik, 45 il müəllimlik, 30 il “Hümayun” ansamblına rəhbərlik edən ustad 92 ildə 145 ilin zəhmətini çəkdi. Bu illər ərzində çoxlu sayda mahnı və təsniflər yaratdı, neçə-neçə tələbələr yetişdirdi. Gənclərin əlindən tutub həm onlara sənətin sirlərini öyrətdi, onları səhnəyə gətirdi, həm də saysız-hesabsız toy-düyünlərdə neçə-neçə gəncin sevgisini məlahətli səsi ilə rövnəqləndirib, gözəl ailələrin təməlini qoydu. Valideynlər övladlarının toyunu etmək üçün ustadın vaxtını izləyiblər, onunla hesablaşıblar. Afişaları konsert salonlarının qarşısında vurularkən onu dinləməyə gələnlərin sayı-hesabı bilinməyib.
Hətta konsertlərində tamaşaçılar ayaqüstə durmağa da razıymış ki, təki onu dinləsinlər. Budur sənətkarın böyüklüyü və böyük sənətkara xalq məhəbbəti. Bütün bu deyilənlərin hamısı “Bizim ustad” kitabında öz əksini tapıb. İndi isə o kitabın hər bir səhifəsi mənim üçün unudulmaz xatirəyə dönüb. Amansız ölüm xoş günlərin dolu düşüncələrini kövrək xatirələrlə əvəzləyib.
Aldatmasın gənclik səni,
O aldadıb çox kimsəni.
Əcəl gələrsə, bil, məni,
Bir daha görməyəcəksən.
Ustad, icazə verin bu misralarınızda razılaşmayım. Çünki Siz cismən aramızdan getsəniz də, ruhən həmişə yadımızda və yanımızda olacaqsınız. Axı, sənətkar heç vaxt ölmür. O, yaratdıqları sayəsində əbədi ömür qazanır. Əsl sənətkar xalqın milli sərvətidir. Bu sərvəti xalqla bərabər dövlət də qoruyur. Dəfələrlə onunla olan söhbətlərimizdə mən bu fikirləri söyləyərdim. O isə cavabında – sağ olsun, mənim balam, xalqımız da, dövlətimiz də – deyərdi.
Musiqiçilər ona “əmi” deyə müraciət edirdilər. Mən isə çox vaxt “əmican” deyərdim.
Uzun illər atam, respublikanın Əməkdar artisti Təhmiraz Şirinovun “Hümayun” ansamblında solist olaraq fəaliyyəti bizim ustadla doğmalaşmağımızın təməli idi. Odur ki, o mənə mənəvi övlad kimi sevgi bəsləyirdi. Bir çox yaradıcılıq işlərimin ilk məsləhətçisi idi. Uğurlarımı ustadla bölüşməkdən xüsusi bir rahatlıq tapırdım. Çünki hər bir işə ustadyana real qiymət verirdi, məsləhətlərini, tövsiyələrini söyləyirdi. İstər həyat, istər sənət məsələləri olsun – ona müraciət edən hər kəs xeyir tapar, ondan bəhrələnərdi. Əlibaba Məmmədov özündən əvvəlki ustadlar və ulu muğamlarımızla bağlı dəyərli məlumatlara və mükəmməl bilgiyə malik ustad idi. İndi ruhuna üz tutub deyirəm: Ustad, bu boşluğu kim dolduracaq?
Elə bilirəm ki, bu sualın cavabı olmayacaq. Amma, əvəzində elə ustadın sənət yadigarları onun yerini boş qoymayacaq. Qədirbilən xalqımız və sənətkara dəyər verən dövlətimiz daim Əlibaba Məmmədov irsini yaşadacaq. Bu yerdə möhtərəm Prezidentimiz İlham Əliyevə və ölkəmizin Birinci-vitse prezidenti hörmətli Mehriban xanım Əliyevaya sənətkarın doğmaları, yaxınları, musiqi ictimaiyyəti və sənətsevərlər adından Əlibaba Məmmədov yaradıcılığına olan diqqətə və qayğıya görə sonsuz təşəkkürlərimizi bildiririk.
2015-ci ildə Əlibaba müəllimin həyat və yaradıcılığından bəhs edən “Bizim ustad” kitabını bu cümlə ilə bitirmişdim: “Bütün xidmətlərinə görə bir daha ustada minnətdarlığımızı bildirir, onun sənəti qarşısında baş əyir və deyirik: Sağ olun, Ustad!”.
Amma çox təəssüf ki, bu yazı belə yekunlaşacaq: “Ruhunuz şad olsun, Ustad!”.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi