Turizm İnstitutunun nəzdində yaradılmış Milli Təlim Mərkəzinin təşkil etdiyi bələdçi kursunun dinləyiciləri imtahanları müvəffəqiyyətlə veriblər.
   Bu barədə qəzetimizə məlumat verən ATİ-nin prorektoru Eldar Aslanov bildirdi ki, imtahanların birinci mərhələsi iyulun 15-də keçirilib. Dinləyicilər Azərbaycanın tarixini, turizm coğrafiyasını, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, memarlığını, tətbiqi sənətini, arxeologiyasını, dinlər tarixini, mifologiyanı, etnoqrafiyasını, ilkin tibbi yardımı və s. əhatə edən test suallarını cavablandırıblar. İyulun 19-da keçirilən ikinci imtahan şifahi olub. İmtahanda dinləyicilər sualların bəzilərini bələdçilik edəcəkləri xarici dildə cavablandırıblar. İmtahanların sonuncu mərhələsi iyul ayının 20-də Bakı şəhəri üzrə icmal-ekskursiya şəklində baş tutub.
   E.Aslanov yaxın günlərdə dinləyicilərə sertifikatların və müvafiq bəclərin (nişanların) təqdim ediləcəyini bildirdi.
   Qeyd edək ki, fevral ayından başlayan bələdçi kursunun 16 nəfər iştirakçısı olub. Onlardan 12 nəfəri imtahanlarda iştirak edib. 4 nəfər isə üzrlü səbəbdən imtahanlara gəlməyib. E.Aslanov bildirdi ki, onlar növbəti kursun iştirakçıları ilə imtahan verə biləcəklər.  

  Fəxriyyə Abdullayeva