Qazax Rayon İcra Hakimiyyətinin Kommunal təsərrüfat idarəsinin balansında olan İsrafil ağa hamamı Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli sərəncamı ilə yerli əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət Nazirliyinin balansına verilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyevin iştirakı ilə abidənin təhvil-təslim prosesi olub.

Həmçinin idarə rəisi Qazaxda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Qazax şəhərinin mərkəzində, Cümə məscidinin qarşısında yerləşən hamam binası rayonun Qıraq Kəsəmən kənd sakini, xeyriyyəçi sahibkar İsrafil ağa Kərbəlayev (1866-1917) tərəfindən inşa etdirilib. Bina memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən hörülüb. Hamamın ümumi zalı, otaqları, diqqətçəkən hovuzu və çayxanası var. Tikili ənənəvi Azərbaycan və Şərq hamamlarına xas dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən ibarətdir. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir. Plan quruluşuna görə Şərq və Avropa memarlığının elementlərini özündə cəmləşdirən tikiliyə Azərbaycanın digər bölgələrində rast gəlinmir.

Qeyd edək ki, Qaçaq Kərəmin yaxın silahdaşlarından olan İsrafil ağa Qazaxda hamam binası ilə yanaşı, Cümə məscidi və indiki 3 nömrəli orta məktəbin binasını da tikdirib. O, bolşeviklər tərəfindən 1917-ci ildə Poylu körpüsünün üzərində güllələnib, bütün əmlakı müsadirə olunub.