Martin Danimarkanın əyalət kəndində müəllim işləyir. Bir zamanlar elmlər doktoru dərəcəsinə yüksəlməyi planlayan bu insanın dərsində yeniyetmələr darıxdıqlarını gizlətmirlər. Martinin övladları belə ona hörmət etmir, həyat yoldaşı gecə növbəsində çalışdığı üçün onlar yalnız axşam yeməyi zamanı görüşürlər.

Martinin dostu, məktəbin psixoloqu Nikolay belə bir fərziyyədən söz açır ki, insanın özünü normal hiss etməsi üçün dünyaya gələndən bəri ona 0,5 promil alkoqol yetmir. Dostlar birlikdə bu fərziyyəni yoxlamaq qərarına gəlirlər.

Nəticədə dərslər daha şən keçir, həyat öz axarına düşür və ümumiyyətlə, hər bir sahədə müvəffəqiyyət çoxalır. Ancaq, əlbəttə ki, bu müvəffəqiyyət çox da davam etmir və hadisələrin məntiqi ardıcıllığı ilə qəfil yüksəliş ağrılı enişlə əvəz olunur.

Süjet xətti etibarilə “Bir daha” filmində Martinin qəflətən “fövqəltəbii qüvvə” əldə etməsi, bu “qüvvə”nin sayəsində müvəffəqiyyətə  nail olması ötən əsrin 80 və 90-cı illərinin superqəhrəman filmlərini xatırladır. Sadəcə, bu fantastikadan uzaq, Danimarkada yaşayan sadə insanların həyatından bəhs edən ekran əsərində rejissor Tomas Vinterberq alkoqolu “fövqəltəbii qüvvə” kimi təqdim edir. Orta yaş böhranını və arzularının əlçatmaz olma hissini yaşayan Martin xilasını yalnız daha bir qədəhdə görür.

Rejissor Vinterberq özünü uşaq kimi sadəlövh aparan, yaşamaq hissi ilə “sərxoş” olan obrazlara həm mərhəmət, həm də rəğbət hissi ilə yanaşır. Film eyni zamanda həm güldürür, həm də bu tip ekran əsərlərində “sətirarası” oxunan, zülmətlə çarəsizcəsinə mübarizə aparan obrazları ilə düşündürür. Filmdə “sərxoşluq” bitəndən sonra nəyin baş verəcəyi kimi sükut-sual, viranəlik hökm sürür. Hətta bir anlıq sevinci qədəhin dibində görən obrazlar qədəhin boşaldığını anlayınca vahimə hissi ilə uydurulmuş dünyadan ayrılaraq həyatın mənasını anlamağa çalışırlar. Lakin onlara bəlli olur ki, arzuladıqları zirvəni fəth etmək üçün heç bir əlavə “fövqəltəbii qüvvə”yə ehtiyac yoxdur, çünki onlar daxilən bu qüvvəyə malikdirlər. Qəhrəmanlar utopik dünyadan uzaqlaşaraq real həyatı olduğu kimi qəbul edir və yalnız onun sakini olmağı seçirlər.

Mads Mikkelsenin canlandırdığı Martinin filmin sonundakı viranəliyin tam əksi olan həyat eşqi ilə rəqs etməsi ən yaddaqalan kino səhnələrindən biridir.

Qeyd edək ki, “Bir daha” filmi 2021-ci ildə “Ən yaxşı əcnəbi bədii film” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb. Ekran əsəri həmçinin Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) “Ən yaxşı aktyor” nominasiyasında qalib olub, Fransada isə “Sezar” kino mükafatını  qazanıb.

Samirə Əsgərova