Bu gün yaşadığımız cəmiyyəti, həyatımızın hər hansı bir hissəsini qadınlarsız təsəvvür etmək mümkün deyil. Təqvimdə bir əsrdən artıq tarixi olan Beynəlxalq Qadınlar Günü də xanımların cəmiyyətdə, o cümlədən mədəniyyət və incəsənətdə yerinə, roluna diqqət yetirmək üçün daha bir fürsətdir.
Martın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Kamera və orqan musiqisi zalında “Qadınlar musiqidə” adlı konsert keçirildi. Rəngarəng proqramı olan konsert Azərbaycanın qadın bəstəkarlarının yaradıcılığına nəzər salmaq baxımından yaddaqalan bir sənət axşamı oldu.
Məlumdur ki, dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan xanımlarını yaradıcılığa cəlb etmək yolunda böyük işlər görmüşdür. Üzeyir bəyin sevimli tələbəsi olmuş Ağabacı Rzayeva həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır. Onun ardınca Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova və başqaları bəstəkarlıq sahəsinə qədəm qoyaraq Azərbaycan musiqisinin inkişafına töhfələr vermişlər.
Gözəl bəstələr müəllifi Hökümə Nəcəfova eyni zamanda Azərbaycanın ilk tarzən qadınlarından biri idi. Konservatoriyanın həm bəstəkarlıq, həm də tar bölmələrində təhsil almışdı. Konservatoriyada Üzeyir Hacıbəylinin sinfini bitirmiş Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadə öz dəst-xətti olan bəstəkarlardandır. Xalq artisti Şəfiqə Axundova Azərbaycan musiqi mədəniyyətinin inkişafına əhəmiyyətli töhfələr vermiş qadın bəstəkarların içərisində xüsusi yer tutur. Onun 1974-cü ildə yazdığı “Gəlin qayası” operası Şərqdə qadın bəstəkar tərəfindən yaradılan ilk opera kimi musiqi tarixinə daxil olmuşdur.
Müasir dövrümüzdə bu sahədə böyük uğurlar qazanan qadın bəstəkarlarımızdan ilk növbədə Firəngiz Əlizadənin adını çəkmək lazımdır. Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünyada tanınan simalarındandır. Qara Qarayevin yetirməsi və onun ənənələrinin davamçısı olan Firəngiz Əlizadə bəstəkar, pianoçu, dirijor, musiqişünas, pedaqoq, ictimai xadim kimi böyük nüfuz sahibidir, zəngin yaradıcılığı ilə mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir.
Azərbaycan musiqi mədəniyyətinə, incəsənətinə töhfələr vermiş bəstəkar Ruhəngiz Qasımovanın ürəyəyatımlı, lirik, vətənpərvərlik mövzulu çoxsaylı mahnıları, musiqi əsərləri var. Ötən əsrin 60-cı illərində Xalq artisti Rəşid Behbudovun ifasında “Anacan, dostum evlənir” mahnısı, sözün əsl mənasında, onun musiqi dünyasının vizit vərəqinə çevrilib. Bəstəkar sonralar müxtəlif tamaşalara da musiqi yazaraq sənətsevərlərin böyük rəğbətini qazanıb. Konsertdə onun “Gəlmədi” romansı Əməkdar artist İnarə Babayevanın ifasında səslənərək alqışlarla qarşılandı.
Bəstəkar, musiqişünas, maarifçi-pedaqoq Nərgiz Şəfiyeva özünün çoxşaxəli fəaliyyəti ilə musiqi mədəniyyətimizdə özünəməxsus yer tutur. Görkəmli bəstəkarımız Qara Qarayevin sinfini bitirən bəstəkar maraqlı əsərlər yaratmışdır. Konsertdə onun “Hafizi anarkən” – “Soruşma” qəzəl-romansını Əməkdar artist Anar Şuşalı ifa etdi.
Daha bir xanım – istedadlı musiqişünas, bəstəkar, fəlsəfə elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair əsərlərin müəllifidir. Onun elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı, bəstəkarlıq fəaliyyətini də qeyd etməliyik. Konsertdə onun “Könlüm sitəminlə canə yetdi” (söz: Nizami Gəncəvi), “Cığırlar”, “Sən olmasan” (söz: Vahid Əziz) mahnıları Əməkdar artist, kontratenor İlham Nəzərovun ifasında səsləndi.
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşovanın yaradıcılıq yoluna da qısa bir nəzər salmaq istərdim. Bu yol keçən əsrin altmışıncı illərinin sonundan başlamışdır. Bu illər ərzində bəstəkar musiqinin bir çox janrlarına müraciət etmiş, o cümlədən Azərbaycan qadın bəstəkarlarından birinci olaraq balet janrında (“Sayalı” baleti) müvəffəqiyyətlə özünü sınamışdır. Konsert proqramında müəllifin 3 əsəri səsləndi: “Süsən-sünbül” – orqan üçün variasiyalar; “Səda” – iki fleyta və piano üçün pyes və “Muğamsayağı” – fleyta və piano üçün pyes.
İstedadlı qadın bəstəkarlarımızdan biri də Əməkdar müəllim, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi, professor Adilə Yusifovadır. O da musiqinin müxtəlif janrlarında özünü sınamış, maraqlı əsərlər yazmışdır. Konsert proqramında onun “Meh gətirdi” (tar və piano üçün fantaziya) əsəri respublika müsabiqəsi laureatı Elnur Cəfərov və beynəlxalq müsabiqə laureatı Fəqan Həsənlinin ifasında təqdim olundu.
Konsertdə bəstəkar Rəna Qədimovanın violin və piano üçün “Prelüd-nostalji” əsəri beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin) və Arzu Səfərovanın (piano) ifasında ilk dəfə olaraq səsləndi.
Tanınmış bəstəkar, mahir pianoçu, Xalq artisti, professor Sevda İbrahimovanın hər bəstəsi ilk notlarından saflıq, səmimiyyət, sevgi dolu hisslər aşılayır. Bəstəkarın “Laylay” (söz: Mirzə İbrahimov), “Dörd vokaliz” silsiləsindən I və II vokalizlər Xalq artisti Gülnaz İsmayılovanın ifasında musiqisevərlərə təqdim olundu.
Daha bir bəstəkarın – Mehriban Əhmədovanın piano üçün 2 prelüdünü beynəlxalq müsabiqələr laureatı Fəridə Əhmədbəyova ifa etdi.
Gənc nəslə aid etdiyimiz musiqiçilərdən bəstəkar-pianoçu, Bəstəkarlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr və “Gənclər mükafatı” laureatı Pikə Axundova yaradıcılıqla bərabər pedaqoji sahədə də çalışır. Konsertdə onun “Necədir?” romansı Xalq artisti Gülnaz İsmayılovanın ifasında müəllifin öz müşayiəti ilə səslənərək alqışlarla qarşılandı.
Musiqi axşamında bəstəkar, Əməkdar artist Elza Seyidcahanın “Analar”, “Bir söz söylə” və “Gözəlim” mahnıları beynəlxalq müsabiqə laureatı Leyla Dadaşovanın ifasında musiqisevərlərə təqdim olundu.
Konsertdə ifa olunan əsərlər sırasında gənc bəstəkar Nərminə Nağıyevanın “Gizlədilmiş hisslər”, “Hər tərəfdən” – klarnet və piano üçün pyesləri vardı.
Beləliklə, hansı nəslin nümayəndəsi olmasından asılı olmayaraq, qadın bəstəkarlarımız musiqisevərlərin qəlbini fəth etməyi bacarırlar. İftixar hissi ilə qeyd etmək lazımdır ki, bu gün müasir üslublarda yazıb-yaradan, əsərlərinin sorağı uzaq ölkələrdən gələn gənc qadın bəstəkarlarımız az deyil. Bütün bunlar milli musiqimizin qadın nümayəndələrinin irsinin öyrənilməsi və tədqiqi məsələlərini də aktual edir.
Jalə Qulamova
Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru