Xəbər verdiyimiz kimi, martın 4-də Bakıdakı Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Emil Bağırov (klarnet) dünya klassik musiqisindən nümunələr ifa edib.
Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Alvize Kazellati deyib: “Heydər Əliyev Mərkəzində Azərbaycan musiqiçiləri ilə çıxış etməkdən zövq alıram. Mən bu gün çıxış etdiyim orkestrlə üç il öncə də çalışmışam. Budəfəki proqram çox zəngindir. Ümid edirəm, musiqisevərlər bizim onlara ötürəcəyimiz enerjidən razı qalacaqlar...”.
Proqramda Lüdviq van Bethoven, Volfqanq Amadey Motsart, Pyotr Çaykovski kimi bəstəkarların əsərləri səslənib.
Alvize Kazellati dirijor kimi İtaliyanın məşhur opera teatrları ilə əməkdaşlıq edir. 2017-ci ildə təsis edilən “Opera İtaliana is in the Air” layihəsinin yaradıcısı və musiqi rəhbəridir. Layihənin əsas məqsədi gənc dinləyiciləri italyanın opera irsinə cəlb etməkdir.
Konsertdə solist kimi çıxış edən klarnet ifaçısı Emil Bağırov 2014-cü ildə adı gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə, 2017-ci ildə Prezident mükafatına layiq görülüb. 2012-ci ildə Təl-Əviv (İsrail) şəhərində keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı ifaçı” seçilib. 2013-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin solistidir.