Martın 10-da Xalq artisti, görkəmli xanəndə Canəli Əkbərovun (1940–2021) anadan olmasının 82-ci ildönümü tamam oldu. Canəli Əkbərov zəngin yaradıcılıq fəaliyyəti ilə bərabər uzun illər səmərəli pedaqoji fəaliyyət də göstərib. Sənətkar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Muğam kafedrasının professoru olub, kafedraya rəhbərlik edib.
Martın 9-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Canəli Əkbərovun xatirə gecəsi keçirildi. Tədbir BMM-in dəstəyi və ADMİU-nun Muğam kafedrasının təşkilatçılığı ilə gerçəkləşdi. Tədbirin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Əvvəlcə ekranda Canəli Əkbərovun ifasının lent yazısı nümayiş olundu.
Tədbirin aparıcısı – Əməkdar artist, ADMİU-nun dosenti Azad Şükürov qonaqları salamlayaraq musiqi axşamının təşəbbüsünün universitetin Muğam kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov tərəfindən irəli sürüldüyünü dedi: “Təəssüf ki, bu tədbir Canəli Əkbərovun sağlığında keçirilmədi. Bir yerdə çalışdığımız, acılı-şirinli günlər keçirdiyimiz insanları unutmamalıyıq. Canəli Əkbərov öz həyatını Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarlardandır. O, milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanılması onun altmış ildən artıq fəaliyyətinin başlıca qayəsini təşkil edib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur”.
Sonra gecədə Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Simarə İmanova, Əməkdar artistlər Zakir Əliyev, Bəsti Sevdiyeva, Ruzə İbişovanın ifasında vaxtilə mərhum sənətkarın repertuarında geniş yer tutmuş “Ay qəşəng Ceyran”, “Bayatı-Şiraz”, “Mahur”, “Şahnaz” təsnifləri və “Leyli və Məcnun” operasından görüş səhnəsi, “Aşıq Qərib” operasından ayrılıq səhnəsi təqdim olundu. Xanəndələri ADMİU-nun müəllim heyəti – Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), Fəridə Məlikova (kamança), Ramin Rzayev (tar) müşayiət edirdi.
L.Azəri