Bu il ölkəmizdə “Şuşa İli” kimi tarixə düşəcək. Azərbaycan mədəniyyətinin paytaxtı, şeir, sənət, musiqi, muğam beşiyi il ərzində silsilə tədbirlərlə alqışlanacaq...

Qarabağımızın baş tacı qədim şəhərin adı ilə başlayan musiqi, muğam sehrli tədbirlərdən biri də martın 5-də Heydər Əliyev Sarayında baş tutdu. Ruhumuza layla deyən muğam və təsniflərin bənzərsiz ifaçısı, ölməz Xan Şuşinskinin xatirə gecəsinin sorağı ilə yüzlərlə musiqisevər saraya axın etdi.

“Şuşa İli” çərçivəsində keçirilən gecə əsl sənət meydanı idi. Muğam və təsniflərimiz, xalq və bəstəkar mahnılarımız istedadlı ifaçıların zəngulələrində gah zilə qalxıb şahlanır, gah da bəmə düşüb nazlanırdı.

Şuşanın bulaqları kimi qaynayan səslər sırasında Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Alim Qasımov, Mələkxanım Əyyubovanın ifaları dinləyiciləri öz təsirinə salıb ovsunlaya bilmişdi. Bu işdə, sözsüz ki, Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun fərqli emosiyada müşayiətinin öz payı var idi.

Zövqlə tərtib olunmuş konsert proqramında Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Anar Şuşalı, Babək Niftəliyev, tanınmış xanəndələr Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədovun çıxışları da xoş ovqat yaratdı.

Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansambllarının ritmik, zərif və rəngarəng rəqs çələngi ümumi ovqatın təsir gücünü daha da artırmış oldu.

Onu da qeyd edək ki, ifaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edirdi.

Xatirə gecəsində Xan Şuşinskinin repertuarından “Mahur-hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olundu. Həmçinin, Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Dilbərim”, “Ay qəşəng Ceyran”, “Ay qara qız”, “Qızılgül” kimi dillər əzbəri olan mahnıları da ifa olundu.

Həmidə