Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının əməkdaşı Nazim Azakovdan ibarət heyət Türkiyəyə səfər edib.
Kitabxana və nəşriyyat işi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə gerçəkləşən səfər çərçivəsində Türkiyə Naşirlər Birliyi, Naşirlərin Peşə Birlikləri Federasiyası (YAYFED), Türkiyə Çap Yayın Peşə Birliyi (TBYM), Nəşriyyatların Müəlliflik Hüququ və Lisenziyalaşdırma Peşə Birliyi (YAYBİR) və TÜYAP-ın (Türkiyədə kitab sərgilərinin təşkilatçısı) idarə heyəti ilə görüşlər keçirilib. İki ölkə arasında müvafiq sahə üzrə fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri və Türkiyənin 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində, Azərbaycanın isə 39-cu İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq statusunda iştirakına dair təşkilati məsələlər müzakirə olunub.
Nümayəndə heyəti İstanbulda Atatürk Mədəniyyət Mərkəzində keçirilən Naşirlərin Fikir Marafonu və Beynəlxalq Ədəbi Tərcümə Proqramı qaliblərinin mükafatlandırma mərasimində iştirak edib, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq standart eyniləşdirmə nömrələri – İSBN (İnternational Standard Book Number), İSMN (İnternational Standard Music Number), İSSN (İnternational Standard Serial Number), Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri (AKİS), elektron kitabxanalar, TEDA proqramı (Türkiyə Ədəbiyyatının Dünyaya Açılışı), OLP (Open License Program) üzrə təlimlərə qatılıb, Türkiyənin İPA (İnternational Publishers Associaton) və İFRRO ilə (İnternational Federation of Reproduction Rights Organisations) əməkdaşlıq təcrübəsi barədə məlumat əldə edib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında təşkil olunacaq 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin ilk fəxri qonaq ölkəsi Türkiyə olacaq. İndiyədək Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq statusunda heç bir ölkə çıxış etməyib.