Martın 13-də Moskvada Mərkəzi Kinematoqrafçılar Evində Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın imzaladıqları nekroloqun mətni və Rusiya Prezidenti Vladimir Putinin Rüstəm İbrahimbəyovun ailəsinə ünvanladığı başsağlığı məktubu oxunub.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Rüstəm İbrahimbəyovun adı və parlaq yaradıcılığı insanların qəlbində yaşayacaq: “Rüstəm İbrahimbəyov görkəmli dramaturq, yazıçı idi. Onun kino, teatr, ədəbiyyat sahələrində çox böyük uğurları var. Belə böyük şəxsiyyət haqqında keçmiş zamanda danışmaq çətindir...”.
Kinorejissor və ssenarist, Rusiyanın Xalq artisti Andrey Konçalovski bildirib ki, Rüstəm İbrahimbəyov həm Azərbaycan, həm də Rusiya kinematoqrafında bütöv bir dövrün yaradıcısıdır. “O, parlaq simalardan biri idi. Biz və sözsüz ki, Azərbaycan mədəniyyəti Rüstəm İbrahimbəyovu unutmayacağıq...”, – deyə o vurğulayıb.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Rüstəm İbrahimbəyov vətəni Azərbaycanı çox sevirdi. M.Şvıdkoy deyib: “Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən onun həyatında çox mühüm rol oynamışdı. “İstintaq” filmi 1978-ci ildə sovet kinematoqrafiyası sahəsində və siyasi aləmdə kəskin müzakirələrə səbəb olmuşdu. Lakin o zaman məhz Heydər Əliyev Rüstəm İbrahimbəyovun yaradıcılıq cəsarətini dəstəkləmişdi...”.
Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov atasının xatirəsinə göstərilən dərin ehtirama görə təşəkkürünü bildirib.
Qeyd edək ki, mərhumun nəşi martın 15-də axşam Moskvadan Bakıya gətirilib.
Rüstəm İbrahimbəyov martın 16-da torpağa tapşırılacaq.