Fransa ədəbiyyatı üzrə mütəxəssis və tərcüməçi Aliyə Məstəliyeva-Səmədovanın fransız dilində “Xatirələr, şeirlər, tərcümələr” adlı kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb. Martın 12-də Səməd Vurğunun Ev-Muzeyində kitabın təqdimatı keçirildi.
Təqdimatda Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, fransız dili üzrə mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açıb.
Azərbaycan Fransız Dili Müəllimləri Assosiasiyasının prezidenti, Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Gülbəniz Camalova, ADU-nun dosenti Ruhəngiz Abadova, tərcüməçi Zemfira Quliyeva, Azərbaycan Tibb Universitetinin dosenti Zərifə Həbibova, Bakı Mühəndislik Universitetinin tələbəsi Moise Kulosa Mujinga, Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələri çıxış ediblər. Kitab haqqında öz fikirlərini bildirən çıxışçılar Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafında Aliyə Məstəliyeva-Səmədovanın rolunu qeyd ediblər.
Azərbaycan-Fransız Universitetinin tələbəsi Zaur Budaqov Aliyə xanımın Vaqif Səmədoğlunun fransız dilinə tərcümə etdiyi şeiri söyləyib. Fransadan fransız dili üzrə mütəxəssis Anne Maria Polo tədbirə videobağlantı ilə qoşulub.
Sonda müəllif təqdimatın təşkilinə görə minnətdarlığını bildirib, bu tədbirin Səməd Vurğunun ömür-gün yoldaşı Xavər xanım Vəkilovanın xatirəsinə ithaf olduğunu deyib.
Tədbir iştirakçılarına “Xatirələr, şeirlər, tərcümələr” kitabı hədiyyə edilib.