“Qızıl qlobus”dan sonra daha iki mükafat qazanıb


Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) martın 13-də növbəti laureatlarının adlarını açıqlayıb. Qaliblər BAFTA-nın 75-ci – yubiley mərasimində elan edilib.

Yeni Zelandiyalı rejissor Ceyn Kempionun “Köpəyin hökmranlığı” (“The Power of the Dog”) filmi əsas mükafata (“Ən yaxşı film”) layiq görülüb.

Aktyor Vill Smit ən yaxşı kişi roluna görə BAFTA mükafatına layiq görülüb. 53 yaşlı sənətçiyə mükafatı “Kral Riçard” filmində tennisçilər Serena və Venus Vilyamsın atası rolu qazandırıb. Britaniyalı aktrisa Coanna Skanlan rejissor Alim Xanın “Sevgidən sonra” (“After Love”) filmində Meri Hüseyn roluna görə “Ən yaxşı qadın rolu” mükafatını qazanıb.

Xatırladaq ki, Ceyn Kempionun “Köpəyin hökmranlığı” filmi bir qədər əvvəl Amerika audiovizual sənət dünyasının bu il üçün ilk mükafatına – “Ən yaxşı dramatik film” nominasiyası üzrə “Qızıl qlobus”a layiq görülmüşdü. Hollivud Xarici Jurnalistlər Birliyinin təsis etdiyi mükafat Qərb kino aləminin zirvəsinə – “Oskar”a doğru yolda mühüm mərhələ sayılır.

Lakin “Köpəyin hökmranlığı”nın “Oskar” yolunda nailiyyəti bununla bitmir. Yeni Zelandiyalı rejissorun kinodramı ABŞ və Kanadanın kino tənqidçilərinin ən böyük qurumunun (“Critics Choice Association”) mükafatını da qazanıb. 27-ci “Tənqidçilərin seçimi” mükafatları da martın 13-də TBS telekanalı vasitəsilə Los-Anceles və Londondan canlı yayımlanan mərasimdə elan edilib. “Köpəyin hökmranlığı”nın “Tənqidçilərin seçimi”ndə də qalib olması onun “Oskar” heykəlciyini də əldə edəcəyinə artıq şübhə yeri qoymur. Qeyd edək ki, ekran əsəri ABŞ-ın Montana ştatında ranço sahibi olan xaraktercə fərqli iki qardaş haqqındadır.

Cavid